ABŞ idxal avtomobillərinə tariflər qoyduğu təqdirdə, Avropa İttifaqı amerikan mallarına cavab olaraq rüsumlar tətbiq edəcək. İnsider.az “Reuters”-ə istinadən bildirir ki, bu barədə ticarət üzrə avrokomissar Sesiliya Malmström bəyan edib. Məlumata görə, ümumi məbləğ 35 milyard avro (39,1 milyard dollar) təşkil edəcək.
“Biz tənzimlənən ticarət, idxala olan kvota və ya könüllü məhdudiyyətləri qəbul etməyəcəyik, əgər tariflər tətbiq edilsə, balansın bərpası üçün bizim siyahımız olacaq”, — Malmström qeyd edib.
Onun sözlərinə görə, siyahı artıq hazırdır. Lakin avrokomissar bu tədbiri həyata keçirmək məcburiyyətinin olmayacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün mətbuat konfransında Aİ-nin ticari məsələlərdə özünü Çindən betər apardığını və ticarət sahəsində ölkə üzərində “var-dövlət qazandığını” bəyan etmişdi.
Samirə Məmmədova