Avropa İttifaqı ölkələri Aİ icraiyyə orqanının "Wi-Fi" əsasında avtomobil standartının tətbiqi ilə bağlı təklifinin əleyhinə səs veriblər.
İnsider.az xəbər verir ki, 21 ölkə, o cümlədən güclü avtomobil sənayesinə malik Almaniya, Fransa və İtaliya Brüsseldə 28 təşkilat üzvünün toplaşdığı tədbirdə bu təklifin əleyhinə çıxıb.
Xatırladaq ki, apreldə Aİ-nin əsas qanunverici komitəsi Avropa Komissiyasının "Wi-Fi" texnologiyasının avtomobillər üçün istifadəsi ilə bağlı tələbini rədd edərək beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) əsasında alternativ standartın inkişaf etdirilməsini dəstəkləyib.
Avtomobillər arasında rabitə üçün "Wi-Fi" texnologiyası əsasında "ITS-G5" (intellektual nəqliyyat sistemləri) texnologiyasından istifadənin tərəfdarları kimi "Volkswagen", "Renault", "Toyota", "NXP", "Autotalks" və "Kapsch TrafficCom" şirkətləri çıxış edir.
"5G" əsasında "C-V2X" avtomobil standartından istifadə üzrə tərəfdarlar sırasına "Daimler", "Ford", "PSA Group", "Deutsche Telekom", "Ericsson", "Huawei", "Intel", "Qualcomm" və "Samsung" şirkətləri daxildir. Avropa Komissiyası "Wi-Fi" texnologiyasını dəstəkləməsini hazırda onun "5G"dən fərqli olaraq istifadə olunması və ondan istifadənin yol hərəkətinin təhlükəsizliyini artıracağı ilə izah edib.
Öz növbəsində "5G" tərəfdarları qeyd edir ki, bu texnologiya əyləncə, avtomobillər arasında məlumat mübadiləsi və naviqasiya kimi sahələrdə tətbiq edilmə üçün daha geniş spektrə malikdir.