amazon-internetin-butun-dunyada-paylanmasi-ucun-3-minden-cox-peyk-buraxmagi-planlasdirir

“Amazon” internetin bütün dünyada paylanması üçün 3 mindən çox peyk buraxmağı planlaşdırır

“Amazon” planetimizin ən azı 95%-ni internetə çıxışla təmin edəcək 3236 peyki Yerə yaxın orbitə buraxmağı planlaşdırır.

İnsider.az bildirir ki, bu barədə məlumatı “GeekWire” resursu şirkətin Beynəlxalq Kommunikasiya İttifaqına verdiyi tələbnamələrdə aşkar edib. Bundan sonra isə “Amazon” planlarını özü təsdiqləyib.

Şirkətdə bildiriblər ki, “Project Kuiper” adlı sistem bütün dünya üzrə cəmiyyətlərin birləşməsi üçün aşağı ləngiməsi olan yüksək sürətli internet çıxışını təmin etməyə yönlənib. Əlavə olaraq deyilir ki, bu, Ceff Bezosa məxsus şirkətin “Amazon”-un ideyasını bölüşən təşkilatlarla əməkdaşlığı planlaşdırdığı uzun müddətli bir layihədir.

“Amazon” peyklərin buraxılış tarixini və layihənin dəyərini açıqlamayıb. Həmçinin Ceff Bezosun “Blue Origin” kosmik şirkətinin “Project Kuiper” layihəsində iştirak edib-etməyəcəyi də açıqlanmır.

Xatırladaq ki, bənzər layihələri İlon Maskın “SpaceX”-i və Britaniyanın “OneWeb” şirkəti də planlaşdırır. “OneWeb” artıq ilk peyklərini cari ilin fevralında buraxıb.

Samirə Məmmədova