Avropa Parlamentinin (AP) məruzəçilərinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti pisləyən bəyanatı Ermənistanda təşvişə səbəb olub.
İnsider.az xəbər verir ki, Ermənistanın birinci ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan bu bəyanatı Ermənistanın milli təhlükəsizliyini təhdid edən Yerevanın parlament diplomatiyasının tam uğursuzluğu adlandırıb.
“Bu ya Ermənistan tərəfinin cəhdlərinə baxmayaraq, heç nə əldə olunmaması ilə nəticələnən uğurusuzluqdur, ya da Ermənistan hökumətinin Qarabağ münaqişəsinin beynəlxalq tənzimlənməsi üzrə seçdiyi taktika və strategiyanın məntiqi nəticəsidir... Bu bəyanat Avropa Parlamentinin Ermənistan hökuməti tərəfindən həyata keçirilən siyasətə cavabıdır və bu, Ermənistan ictimaiyyətinin gözünə açılmalıdır. Belə nəticələr ölkə rəhbərliyinin məğlubiyyətli yol tutmasından xəbər verir”, - o deyib.
Ermənistan Respublika Partiyasının (ERP) vitse-prezidenti Armen Aşotyanın “168.am” portalına verdiyi məlumata görə isə keçmiş prezident, ERP rəhbəri Serj Sarqsyan AP-nin bu bəyanatı qəbul etməsindən sonra rəsmi məktubla Avropa Şurasının sədri Donald Tuska müraciət edib.
“Ermənistan Respublika Partiyasının da Avropa Xalq Partiyasının üzvü olduğunu, Avropa Parlamentinin üç məruzəçisindən ikisinin - Traian Basesku və Jelena Zavkonun Avropa Parlamentində Avropa Xalq Partiyası fraksiyasının üzvü olduqlarını nəzərə alaraq, Ermənistan Respublika Partiyasının prezidenti Serj Sarqsyan Avropa Xalq Partiyasının prezidenti Donald Tuska rəsmi məktubla müraciət edib”, - A.Aşotyan bildirib.
Xatırladaq ki, daha əvvəl Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand ilk dəfə birgə bəyanat qəbul ediblər. Bu, AP rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətlərlə bağlı ilk birgə sənədidir.
Sənəddə Ermənistanla işğal olunmuş Dağlıq Qarabağ arasında yeni yolun çəkilməsi tənqid olunur.
“Ermənistan və işğal altındakı Dağlıq Qarabağ arasında tikintisi keçən il elan edilmiş üçüncü avtomobil yolunun inşasına yaxın vaxtlarda başlanacaq. Bu yeni yol infrastrukturu Dağlıq Qarabağın işğal altındakı Qubadlı və Cəbrayıl rayonlarının ərazilərindən keçərək Qafanla işğal altındakı Xocavənd rayonunun Hadrut qəsəbəsini birləşdirəcək”, - Avropa Parlamentinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, Avropa Parlamenti regional əməkdaşlığa, “Şərq Tərəfdaşlığı” ölkələrinin sakinləri arasında əlaqə və ünsiyyətin qurulmasına yardım edən layihələri dəstəkləsə də, bu yolun inşası barədə qərar Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan - beynəlxalq hüquqa normalarına zidd olaraq qəbul edilib.
“Bundan əlavə, bu, Dağlıq Qarabağ və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq gücləndirə bilər. Buna görə də bu təşəbbüsə görə çox təəssüf edirik, çünki bu, etimad, sülh və barışıq üçün şərait yaratmır”, - bəyanatda deyilir.
Report