“Apple” səhmdarları illik yığıncaqda Direktorlar Şurasının üzvlərinin, o cümlədən şirkətin rəhbəri Tim Kukun yenidən seçilməsinə səs veriblər.
“Apple”ın direktorlar şurasına Tim Kukdan əlavə, “Boeing”in keçmiş maliyyə direktoru və prezidenti Ceyms Bell, ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor-kiçik, “Grameen America”nın prezidenti və baş direktoru Andrea Yunq, “College Futures Foundation”ın prezidenti və baş direktoru Monika Lozano, “Northrop Grumman”ın keçmiş başçısı və baş direktoru Ronald Şugar, “BlackRock”un həmtəsisçisi və direktoru Syuzan Vaqner daxildir. “Apple”ın direktorlar şurasının sədri “Genentech”in keçmiş baş direktoru Artur Levinsondur.
Qeyd olunur ki, “Apple” səhmdarları həmçinin rəhbər şəxslərin maaşlarının işçilərin orta əmək haqqı ilə müqayisədə azaldılması təklifinin əleyhinə səs verib. Səsvermə tövsiyə xarakteri daşıyırdı.
“Apple”ın baş direktoru Tim Kuk eyni zamanda şirkətin dividendini artırmağı planlaşdırdığını da açıqlayıb. Onun sözlərinə görə, son dörd rüb ərzində dividendlər 14 milyard ABŞ dollarından çox olub. Şirkət son iki rüb ərzində hər səhmə görə 20,5 sent dividend ödəyib.
1976-cı ildə qurulan “Apple” fərdi kompüterlər, planşetlər, audiopleyerlər, telefonlar, “ağıllı” saatlar və proqram təminatı istehsalı ilə məşğul olur.
Report