Aprel ayının 23-də Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun, eləcə də hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb. Hər iki məsələ üzrə şəxslər barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanan bu qərara münasibətini bildirən AŞPA-nın Prezidenti Rik Daems Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova məktub göndərib.
İnsider.az xəbər verir ki, bu barədə millət vəkili Səməd Seyidob bildirib.
Məktubda deyilir:
“İlqar Məmmədov və Rəsul Cəfərovun işləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun son qərarları barədə məlumatla tanış olduğum 23 aprel 2020-ci il tarixli məktubunuza görə Sizə təşəkkür edirəm. Mən bu qərarları alqışlayıram.
Həqiqətən də, bir neçə ildir ki, bu iki iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmaması Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq qarşısında maneəyə çevrilmişdi. Buna görə, Ali Məhkəmə Plenumunun qərarları, digər məsələlərlə yanaşı bu iki işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən, eləcə də Strazburq Məhkəməsinin bir sıra oxşar qərarları ilə müəyyən edilmiş ədliyyə orqanlarının fəaliyyətində bəzi sistemli məsələlərin həll edilməsi məqsədi ilə Azərbaycanla Avropa Şurası arasında genişləndirilmiş əməkdaşlığa yeni imkanlar açır”.
Cənab Rik Daems həmçinin Azərbaycan nümayəndə heyətinin Assambleya məruzəçiləri və Avropa Şurasının səlahiyyətli qurumları ilə əməkdaşlığı davam etdirəcəklərinə inandığını bildirib.