avropa-ittifaqi-surasinin-prezidenti-ucterefli-gorusden-sonra-metbuata-aciqlama-verib

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib

"Bu gün mən yenidən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdim. Bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazdakı vəziyyətə və Avropa İttifaqının hər iki ölkə ilə, eləcə də bütövlükdə regionla əlaqələrinin inkişafına diqqət yetirdik".

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir.

"Müzakirə səmimi və məhsuldar keçdi. Biz məsələlərin bütün spektrini nəzərdən keçirdik. Biz humanitar məsələləri, o cümlədən minalardan təmizləmə və itkin düşənlərin taleyinin həllini ətraflı müzakirə etdik" - deyə, məlumatda qeyd olunur.

"Aşağıdakı nəticələrə nail olduq:

Sərhəd məsələləri

Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək.

Kommunikasiyaların açılması

Liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Azərbaycanın qərb hissəsi və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsipləri razılaşdırıblar. Xüsusilə, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə Baş nazirin müavinləri bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq. Bundan əlavə, mən hər iki liderə bildirdim ki, Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizlik məsələləri həll olunmalıdır.

Sosial-iqtisadi inkişaf

Aİ hər tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Mən əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım. Aİ dəstəyini gücləndirməyə hazırdır.

Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. Təşəkkürlər" - deyə, bəyanatda vurğulanıb.