İyulun 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Avropa Parlamentinin üzvləri və Milli Məclisin deputatları arasında videokonfrans keçirilib.
İnsider.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Avropa Parlamentindən latviyalı deputat Andris Ameriks, polşalı deputat Riçard Çarnezski, bolqarıstanlı deputat İlhan Küçük, xorvatiyalı deputat Ruza Tomaşiç və ispaniyalı deputat Herman Terç, Milli Məclisdən isə millət vəkilləri – Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri Azər Kərimli və Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev iştirak ediblər.
Videogörüşdə həmçinin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Baş katibi Riçard Milsom, Alyansın siyasi direktoru Temistoklis Astenidis, “European Journal” mətbuat orqanının baş redaktoru Naved Xan və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak ediblər.
Görüşü Cavanşir Feyziyev açaraq, konfrans iştirakçılarına Ermənistan hərbi qüvvələri tərəfindən iyul ayının 12-də Azərbaycan-Ermənistan sərhədində törədilmiş təxribat və onun nəticələri haqqında geniş məlumat verib.
O bildirib ki, Ermənistanın bu addımı atmaqda məqsədi danışıqlar prosesini ləngitmək, mövcud status-kvonu mümkün qədər uzatmaq və bu müddət ərzində işğal etdiyi Azərbaycan ərazilərini qeyri-qanuni məskunlaşdırmaq, münaqişəyə Ermənistanın daxil olduğu KTMT üzv dövlətlərini cəlb etmək və Azərbaycanla KTMT üzv dövlətləri arasında münasibətlərə xələl gətirmək olub. Bundan əlavə, qeyd edib ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədində strateji yüksəklikdə yerləşən mövqeyi tutmağa cəhd göstərib. bununla da Azərbaycandan Avropaya istiqamətlənmiş neft və qaz kəmərlərini, həmçinin nəqliyyat-kommunikasiya infrastrukturunu nəzarətə götürmək məqsədi güdüb.
Avropa Parlamentinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatı qətiyyətlə pisləyib. Təxribat zamanı hərbi qulluqçuların və mülki şəxslərin həyatını itirməsinə görə dərin təəssüf keçirdiklərini bildirib və həlak olanların ailə üzvlərinə başsağlığı ifadə ediblər. Avropalı deputatlar münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların mövcud vəziyyəti haqqında suallar veriblər. Onlar öz çıxışlarında xatırladıblar ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Avropalı deputatlar bu münaqişənin davam etməsində kənar güclərin də maraqlı ola biləcəyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verdiklərini, Avropa Parlamentinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsində maraqlı olduğunu bir daha təsdiq ediblər. Avropalı deputatlar Azərbaycanı Avropa üçün siyasi cəhətdən etibarlı qonşu, iqtisadi cəhətdən isə getdikcə daha əhəmiyyətli bir tərəfdaş hesab etdiklərini bildiriblər.
Millət vəkilləri Azər Kərimli və Tural Gəncəliyev də Ermənistanın davamlı xarakter alan təxribatları və nail olmağa çalışdığı məqsədləri haqda fikirlərini bölüşüblər. Millər vəkilləri həmçinin ATƏT-nin Minsk Qrupu çərçivəsində uzun illərdir davam edən və heç bir nəticə verməyən danışıqlar prosesinin getdikcə daha az ümidverici olduğunu qeyd ediblər.
Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı adından qurumun Baş katibi Riçard Milsom söz alaraq, Ermənistanın təcavüzkar siyasətini ciddi şəkildə qınadıqlarını, Alyans olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam və qeyd-şərtsiz dəstəklədiklərini bəyan edib və qurumun bu məsələ ilə bağlı bəyanat yaydığını diqqətə çatdırıb.
Milli Məclisin Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini Babək Ağayevin moderatorluğu ilə keçirilən videokonfransda sonda hadisələri yaxından izləmək üçün yaxın vaxtlarda növbəti bir görüşün keçirilməsi qərara alınıb.
Oxu.Az