avstriya-ali-mehkemesi-ukraynali-oliqarxin-abs-a-ekstradisiyasina-icaze-verib

Avstriya Ali Məhkəməsi ukraynalı oliqarxın ABŞ-a ekstradisiyasına icazə verib

Avstriya Ali Məhkəməsi iyunun 25-də ukraynalı oliqarx Dmitri Firtaşın ABŞ-a ekstradisiya edilməsinə razılıq verib. Ali Məhkəmə bu qərarı ilə də Vyana Yuxarı Əyalət Məhkəməsinin qərarını qüvvədə saxlayıb və Baş prokurorluğun, eləcə də D. Firtaşın vəkillərinin müraciətini rədd edib.

İnsider.az xəbər verir ki, D. Firtaşın vəkilləri onun ABŞ-a ekstradisiya edilməsinin siyasi motivlərə söykəndiyini və məhkəmənin ədalətli keçməyəcəyini əsas gətiriblər.

Ali Məhkəmənin beş hakimdən ibarət senatı isə öz qərarında qeyd edib ki, ona qarşı irəli sürülən ittihamlar əsasında D. Firtaş barəsində nə ölüm hökmü çıxarıla, nə də ömürlük həbs cəzası verilə bilər. Eyni zamanda, Firtaşa qarşı irəli sürülən iqtisadi təbiətli ittihama siyasi don geyindirilmə cəhdi də məhkəmə üçün inandırıcı görünməyib.

Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın ədliyyə orqanları D. Firtaşı Hindistanda ən azı 18,5 milyon dollar məbləğində rüşvət ödəyərək, qeyri-azad rəqabət şəraitində titan biznesi ilə məşğul olmaqda ittiham edib və onu beynəlxalq axtarışa verib. D. Firtaş bu iddiaları rədd etsə də, 2014-cü ildə Avstriyada həbs edilib. Rekord məbləğdə - 125 milyon avro təzminat qarşılığında sərbəst buraxılan, lakin Avstriyanı tərk etməsinə qadağa qoyulan iş adamının ABŞ-a təhvil verilməsinə dair hüquqi məsələ illərlə müxtəlif instansiyalardan keçib. Vyana Əyalət Məhkəməsi onun ABŞ-a ekstradisiyasına icazə versə də, Yuxarı Əyalət Məhkəməsi siyasi motivləri əsas gətirərək, bu icazəni ləğv edib. Artıq Ali Məhkəmənin qərarı ilə hüquqi müstəvidə ən son instansiya da öz sözünü deyib.

Bundan sonra D. Firtaşın mühakimə edilə bilməsi üçün ABŞ-a ekstradisiya edilməsi üçün son söz Avstriyanın Ədliyyə Naziri Klemens Yablonerə məxsusdur. Nazir yaxın həftələrdə bu məsələ ilə siyasi qərar verməlidir.

© Azertag.az