azerbaycan-numayendesi-bmt-nin-komitesine-uzv-secilib-foto

Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib - FOTO

23 iyun 2022-ci il tarixində Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəfdaş dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seçkilərdə Komitədə mövcud olan 12 vakant yer uğrunda 23 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin sözügedən Komitəsinin hazırda üzvü və sədr müavini olan Elgün Səfərov mübarizə aparıb.

187 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib.

Qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi BMT-nin müvafiq konvensiyasının müddəalarının tərəfdaş dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir.