9 may bütün dünya faşist Almaniyası üzərində qələbənin 75 illiyini qeyd edir. Təəssüf ki, COVİD-19 pandemiyası bu tarixi hadisənin təntənəli şəkildə qeyd edilməsinə öz təsirini göstərdi.
Bu əlamətdar gün münasibətilə 1 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illərdə Böyük vətən Müharibəsində iştirak etmiş azərbaycanlıların “Böyük vətən müharibəsinin 75 illiyi” adlı medalı ilə təltif edilməsinə dair qanun layihəsini imzaladı. Bu da təsadüfi deyil. Çünki bəzi mənbələrə görə 600 000, bəzi mənbələrə görə isə 640 000 azərbaycanlı bu müharibədə öz vətəni üçün döyüşüb. Onlardan yarıdan çoxu 400000 nəfərə yaxın döyüşçü geri qayıtmayıb. Onların siyahısında mənim hərbi həkim olan, könüllü cəbhəyə gedən və öz vətəni üçün döyüşən dayım da var.
Bundan başqa Prezident İlham Əliyev 2020-ci il 24 aprel tarixində imzaladığı Sərəncam ilə İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar müharibə iştirakçılarından - 256 nəfərə 1500 manat, 7126 nəfərə hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Bu nöqteyi-nəzərdən Azərbaycanın və Azərbaycan rəhbərliyinin apardığı siyasət ölkə tarixinin bütün səhifələrinə hörmətə istiqamətlənib. Birinci demokratik respublikaya yanaşmaya diqqət edin. O faktiki olaraq bolşeviklər tərəfindən işğal edilərək süquta yetirildi. Tariximizin bu səhifəsinə hörmətlə yanaşmamız, ən əsası özümüzü bu respublikanın xələfləri hesab etməyimizdə büruzə verir. Bu bizim ölkəmizin qızıl tarixidir. Eynilə Azərbaycanın Böyük vətən müharibəsində iştirakı da müqəddəs tarixidir. Çünki Böyük vətən müharibəsində qələbə o cümlədən Azərbaycanın və Azərbaycan nefti sayəsində əldə edilib. O zaman neft mənbəyi olaraq nə Səudiyyə Ərəbistanı, nə də Tümen mövcud deyildi. Hitler öz yüksək rütbəli zabitləri ilə birlikdə çəkildiyi videoda tortu kəsərkən, məhz Bakını və Bakı neftini əks etdirən şokolad olan hissəni götürməsi də təsadüfi deyildi. Bu baxımdan “9 may” bizim üçün mühüm və əlamətdar gündür. Onun mühümlüyünün başqa bir səbəbi də var. Çünki Rusiya üçün Böyük vətən müharibəsi başa çatıb, Azərbaycan üçün Vətən müharibəsi hələ də davam edir. Paradoks ondadır ki, Almaniya faşizmi üzərində qələbəyə öz töhfəsini verən Azərbaycan, digər - erməni faşizmi ilə indiyə qədər mübarizə aparır. Bu gün bizim apardığımız siyasət, iştirak etdiyimiz beynəlxalq sammit və tədbirlərdə çıxışlarımız dünyada faşizmin intibahına mane olmaqdır. Bu faşizmin bariz nümunələrindən biri Ermənistanda təbliğ edilən faşist ideyalarıdır. Bu ideyalar sadəcə əməllərdə əksini tapmır, hətta bu vəhşi faşizmə abidə ucaldaraq sitayiş edilir. Njde abidəsi onların Qarabağda, Xocalıda Azərbaycan xalqına qarşı etdikləri, Dağlıq Qarabağ ətrafı rayonlarda azərbaycanlılara qarşı apardıqları etnik təmizlik, faşist Almaniyasının yəhudilərə qarşı apardıqları məhvetmə siyasətini təkrar edir. Bu iki faşist siyasəti arasında paralel aparmalı oluruq. Bu səbəbdən də bizim üçün Böyük vətən müharibəsi davam edir. Ona görə də bir müddət sonra “Faşist Ermənistan üzərində qələbə” medalının da təsis edilməsini çox istərdim.
AR Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, Azərbaycanın AŞPA nümayəndə heyətinin rəhbəri, psixologiya
elmləri doktoru, professor Səməd Seyidov