azerbaycan-ve-turkiye-prezidentlerinin-iki-olke-arasinda-qurduqlari-six-elaqeleri-xalqlarimiz-yuksek

Azərbaycan və Türkiyə prezidentlərinin iki ölkə arasında qurduqları sıx əlaqələri xalqlarımız yüksək qiymətləndirir – Şərh

Azərbaycan-Türkiyə qardaşlığı Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyalarına söykənərək ən yüksək səviyyədə davam edir. Türkiyənin qurucusu qazi Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib. Ulu Öndər Heydər Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin yüksəldilməsi üçün çoxsahəli fəaliyyət göstərib, bütün istiqamətlərdə münasibətlər dərinləşib, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Türkiyə üzərindən dünya bazarlarına açılıb. Ölkəmizin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bu kəmərlər həm də dünya, region, Avropa üçün vacibdir. Eyni zamanda Azərbaycanın təbii sərvətlərinin Türkiyə üzərindən dünya bazarına daşınmasını təmin edib, Azərbaycan-Türkiyə qardaşlığı ən ağır şərtlər altında yüksək səviyyələrdə davam edib.

Bunu açıqlamasında Qardaşlığımız Əbədidir QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən E.Həsənli deyib ki, bu əlaqələr Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilib. Türkiyə Azərbaycana, Azərbaycan Türkiyəyə həm beynəlxalq siyasətdə, həm regional münasibətlərdə birmənalı dəstək verib, hərtərəfli əməkdaşlıq ən yüksək səviyyəyə qalxıb. Türk dövlətləri arasında birliyin formalaşmasında iki lider ortaya siyasi iradə qoyub.

“Prezident Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycana dəstək verdi. İlk gündən bəyanat etdi ki, bu müharibədə Türkiyə Azərbaycanın yanındadır. Ermənistan tərəfindən üçüncü dövlət bu müharibəyə qarışarsa, Türkiyə hər zamanki kimi Azərbaycanla birgə olacaq. Bununla da Türkiyə Azərbaycana hərtərəfli dəstəyini göstərdi, qardaş ölkənin parlamenti müvafiq qərar qəbul etdi. Koronavirus pandemiyası dövrü olmasına baxmayaraq, Türkiyə vətəndaşları küçələrə çıxaraq ölkəmizə dəstək oldular və Azərbaycanın qələbəsinə həmrəylik nümayiş etdirərək sevindilər. Türkiyə mətbuatı Azərbaycanın haqlı savaşına yaxından dəstək olaraq ölkəmizə gəlib fəaliyyət göstərdi və dünya ictimaiyyətinə həqiqətləri çatdırdı. Türkiyə telekanalları hər gün Azərbaycanla bağlı geniş reportajlar, xəbərlər yayımladı. Hazırda Türkiyənin Azərbaycana məhz dostluq ve qardaşlıq münasibəti ən yüksək səviyyədə mənəvi, siyasi dəstəkdir və bunun əhəmiyyəti həddindən artıq böyükdür. 2020-ci ilin dekabrında Bakıda keçirilmiş Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri birgə iştirak etdilər, Azadlıq meydanında möhtəşəm birlik dünyaya bir daha nümayiş etdirildi”, - deyə Emin Həsənli qeyd edib.

Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalandığını xatırladan İctimai Birliyin sədri bu sənədlə iki ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini deyib: “Bu sənədə əsasən Türkiyə və Azərbaycana qarşı hər hansı fəaliyyət olarsa, dövlətlər bir-birinə dəstək göstərəcəklər. Bu bəyannamə dövlətlərimiz arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Eyni zamanda, hər iki ölkə prezidenti Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirak etdilər, Zəngəzur dəhlizinin təməlini birgə qoydular. Bütün bunlar qardaş Türkiyənin Azərbaycanın Qələbəsinə həmrəyliyinin əyani təzahürüdür”.

Emin Həsənli vurğulayıb ki, Türkiyədə baş vermiş meşə yanğınlarında qardaş ölkəyə ilk dəstək olan dövlət də Azərbaycan idi: “Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meşə yanğınlarının qarşısının alınmasında yaxından iştirak etdilər. Eyni zamanda, Türkiyədə bu ilin fevralında baş vermiş dağıdıcı zəlzələ zamanı bütün Azərbaycan xalqı həmrəylik göstərərək Türkiyənin yanında olduğunu bəyan etdi. Prezident İlham Əliyevin tapşırığı ilə xilasedicilər Türkiyəyə yola düşdü. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə qardaş ölkəyə hər cür maddi-mənəvi yardımlar göstərildi. Azərbaycanın həkimlərdən ibarət heyətləri Türkiyəyə getdi, könüllülər zərərçəkənlərə müxtəlif xidmətlərin göstərilməsində yaxından iştirak etdilər. Zəlzələ qurbanlarına dəstək olmaq üçün ölkəmizin bütün şəhər, rayon və kəndlərində əhali tərəfindən ərzaq və ləvazimatlar toplanıldı. Türkiyəyə qatarlarla, təyyarələrlə və yük avtomobilləri ilə bir sıra yardımlar aparıldı. Türkiyənin ağır vaxtlarında Azərbaycanın onun yanında olmasını qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hər zaman yüksək qiymətləndirib”.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri və iki ölkə arasında qurduqları sıx əlaqələr xalqlarımız tərəfindən də yüksək qiymətləndirir. Ölkələrimizin hərbi, mədəni, elmi, humanitar, mətbuat sahələrindəki, eləcə də qeyri-hökumət təşkilatları arasındakı əlaqələr yüksək səviyyədədir və bundan sonra da yüksələn xətlə davam edəcək. Azərbaycan-Türkiyə qardaşlığının yüksək səviyyədə olmasında prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin rolu, həm tarix, həm də dövlətlərimiz qarşısında xidmətləri həddindən artıq böyükdür və hər zaman xalqlarımız tərəfindən yüksək qiymətləndiriləcək.

AZƏRTAC