azerbaycanda-apple-pay-ve-google-pay-in-tetbiqi-ucun-zeruri-infrastruktur-yaradilir

Azərbaycanda "Apple Pay" və "Google Pay"in tətbiqi üçün zəruri infrastruktur yaradılır

"Visa Inc" beynəlxalq kart təşkilatı "Apple Pay" və "Google Pay" təmassız ödəniş sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün platforma rolunu oynayacaq.

İnsider.az-ın məlumatına görə, bunu "APA-Economics"ə “Visa”nın Qafqaz, MDB və Cənubi-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doroş deyib.

Onun sözlərinə görə, şirkətlərin bu və digər bazarlarda təmsil olunması birbaşa onların qərarından asılıdır.

"Lakin elə vacib məqamlar var ki, onlara xüsusi diqqət yetirilir. Məsələn, ilk növbədə ölkədə tokenizasiya texnologiyasının olmasıdır. O, olmadığı təqdirdə, əlbəttə ki, kartların rəqəmsallaşdırılması və telefona yerləşdirilməsi mümkün deyil. Belə olan təqdirdə "Apple Pay"lə ödəniş aparmaq mümkün deyil. Məhz ona görə Azərbaycanda "Visa Token Service"in istifadəyə verilməsi tokenizasiya istiqamətində atılan bir addımdır ki, tədricən "Apple Pay" və "Google Pay" kimi ödəniş sistemləri ölkəyə gələ bilsinlər", - deyə K. Doroş qeyd edib.

"Visa"nın rəsmisi onu da bildirib ki, bu şirkətlər üçün digər önəmli faktorlardan biri də təmassız ödənişləri qəbul edə biləcək infrastrukturun olmasıdır.

"Biz "Visa" olaraq banklarla sıx əməkdaşlıq edirik ki, təmassız ödəniş infrastrukturunu genişləndirək. Bildiyiniz kimi, telefon vasitəsilə yalnız təmassız ödənişlər aparmaq mümkündür. Qeyd edim ki, "Visa" bu prosesi stimullaşdırmaq üçün cari ilin aprel ayından bütün region üzrə, o cümlədən Azərbaycanda ödəniş texnologiyalarının inkişafına dair yol xəritəsi tətbiq edib. Onun da əsas elementlərindən biri ölkədə yalnız təmassız ödəniş qəbul etmə imkanına malik olan terminalların quraşdırılmasıdır. Artıq bu gün Azərbaycan bankları tərəfindən quraşdırılan bütün terminallar bu funksiyanı dəstəkləyir. Bu da, əlbəttə ki, "Apple" və "Google"un bu bazara daxil olmasına şərait yarada biləcək vacib olan elementlərdən biridir", - deyə K. Doroş əlavə edib.