Azərbaycanlı istifadəçilər arasında ən çox istifadə olunan smartfonların adları açıqlanıb. İnsider.az xəbər verir ki, bu barədə statistik göstəricilər “Global Stats” portalında dərc olunub.
Qeyd edilib ki, aprel ayının yekunlarına görə, ölkə bazarında ən çox satılan “Samsung” smartfonlarıdır. Belə ki, satışların 56,89 faizi bu şirkətin payına düşür. Ancaq son zamanlar “Samsung” smartfonlarının satışı azalıb. Bu isə “Apple” və “Xiaomi” smartfonlarına olan tələbin artması ilə əlaqədardır. Nəticə etibarı ilə, 2018-ci ilin aprel ayından bəri “Samsung”un smartfon bazarındakı payı 3,99 faiz geriləyib.
“Xiaomi” isə yerli bazarda iştirakını ciddi şəkildə artırıb. Şirkətin yerli bazardakı payı 2,97 faizdən 12,94 faizə, “Apple” şirkətinin payı isə 10,36 faizdən 12,52 faizə yüksəlib.
Beləliklə, “Samsung”, “Apple” və “Xiaomi” Azərbaycan bazarında ən çox satılan smartfonlardır. Digər brendlərin ölkə bazarındakı payı isə 5 faizdən aşağıdır (“Huawei” - 3,18%, LG - 2,2%, “Lenovo” - 1,69%, HTC - 1,26%, “Alcatel” - 0,91%).