azerbaycanda-ilk-gender-beraberliyi-hakatonu-kecirilib-foto

Azərbaycanda ilk "Gender bərabərliyi" hakatonu keçirilib - FOTO

Azərbaycanda ilk dəfə olaraq Avropa İttifaqının dəstəyi və BMT-nin Əhali Fondu (UNFPA), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə onlayn “Gender bərabərliyi” hakatonu keçirilib.

Nazirlikdən verilən məlumata görə, Bakı və regionlardan ümumilikdə 16 komanda olmaqla 64 texnologiya həvəskarının iştirak etdiyi hakaton BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən icra edilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində təşkil olunub.

Onlayn formatda keçirilən açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, münsiflər heyətinin üzvləri və hakatona qoşulan komandaların üzvləri iştirak ediblər. İctimaiyyət nümayəndələrinə tədbiri sosial media platforması üzərindən canlı olaraq izləmək imkanı yaradılıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, kişi və qadınların ailədən başlamış, ən yüksək səviyyədə dövlət orqanlarında və cəmiyyətin həyatında bərabər iştirakı və təmsilçiliyini təmin etmək üçün gender əsaslı ayrı-seçkilik və qadınlara qarşı zorakılıqla mübarizənin yeni və innovativ yollarının tapılması zəruridir. “Zənnimcə, Gender bərabərliyi hakatonu da müvafiq dövlət orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının bu sahədə mükəmməl əməkdaşlığının əyani sübutudur və gənclərin, xüsusilə tələbələrin bu vacib mövzuda sağlam yarışmasına və müasir texnologiyaların tətbiqi ilə mövcud çağırışların həllinə töhfə vermələrinə şərait yaradacaq”, - deyə o bildirib.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev çıxışında pandemiya şəraitində həyatın sürətlə rəqəmsallaşdığını və gender bərabərliyinin təmin olunması və gender əsaslı zorakılıqla mübarizə sahəsində texnologiya və innovasiyaların heç vaxt bu qədər aktual olmadığını qeyd edib. “Yeni yanaşmaların daha yaxşı inteqrasiya edilməsi və yenilikçi həll yollarının tapılması ilə gender bərabərsizliyinin köklü səbəblərini aradan qaldırmaq, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərindən olan gender bərabərliyi məqsədinə nail olmaq mümkündür”, - deyə o vurğulayıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, ölkədə ilk dəfə keçirilən “Gender bərabərliyi” hakatonu gənclərin informasiya-kommunikasiya texnologiyaları sahəsində malik olduqları imkanları və potensialı nümayiş etdirmək üçün əlverişli fürsətdir. Onun sözlərinə görə, bu gün İKT sahəsində müxtəlif şirkətlərə rəhbərlik edən işgüzar qadınların nümunəsi hakaton iştirakçıları üçün də təşviqedici örnək ola bilər.

Tədbirin davamında münsiflər heyəti üzvlərinin çıxışları və komandalara tövsiyələri dinlənilib, sonda iştirakçı komandaların adları açıqlanıb və hakatona start verilib.

48 saat ərzində gender bərabərsizliyinin aradan qaldırılması üçün texnoloji həll yolları üzərində intensiv şəkildə çalışan komandalar bir çox prototiplər və açıq qaynaqlı kod həllərini işləyib hazırlayıblar. Hakaton boyunca komandalar qadınlara qarşı zorakılıqla mübarizə, oğlan uşaqlarına verilən üstünlük və qız övladlarının dəyərsizləşdirilməsinin qarşısının alınması, məsuliyyətli atalığın təşviqi, karyera seçimində gender stereotiplərinin aradan qaldırılması, ev işlərində gender bərabərliyinin təmin edilməsi kimi mövzulara töhfə verə biləcək həllərin yaradılması istiqamətində yarışıblar.

Müddətin sonunda gender bərabərliyi sahəsində innovativ həllərlə bağlı ümumilikdə 16 layihə təqdim olunub və münsiflərin verdiyi ballar əsasında onlar arasından ilk üç yeri tutan komandalar müəyyən edilib. “Stockfish” komandası məişət zorakılığının qurbanı olan qadınlara sığınacaq və müvafiq resurslara çıxış imkanları yaradan mobil tətbiq prototipi ilə I yerin qalibi olub. II yerə “3x+y” komandası layiq görülüb. Onların yaratdığı “Biz varıq!” adlı veb-səhifə məişət zorakılığı qurbanlarını, eləcə də müxtəlif növ ailədaxili problemləri olan şəxsləri peşəkar psixoloqlarla asan şəkildə əlaqələndirməyə imkan yaradır. III yeri isə “Man vs Woman” adlı gender stereotipləri barədə maarifləndirici interaktiv oyun ilə “Laws and bytes” komandası tutub. Yarışın şərtlərinə uyğun olaraq 1-ci yerin qalibinə 5 000 manat, 2-ci yerin qalibinə 3 000 manat, 3-cü yerin qalibinə isə 1 000 manat məbləğində mükafat verilib.