azerbaycanda-yeni-reqabet-mecellesi-hazirlanib

Azərbaycanda yeni Rəqabət Məcəlləsi hazırlanıb

Rəqabət Məcəlləsi layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni hazırlanıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda deyib.

O, qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.

M.Abbasbəyli bildirib ki, azad rəqabət mühitinin təmin olunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün bu sahədə fəaliyyətin surətləndirilməsi məqsədilə hazırlanmış "Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023‒2026-cı illərdə Milli Fəaliyyət Proqramı"nın layihəsi bu istiqamətdə atılan növbəti addımdır:

"Milli fəaliyyət proqramı kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına, bəzi təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsinə və digər vacib hədəf göstəricilərinə, o cümlədən ölkənin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasına dair tələbləri özündə əks etdirir.

Dövlət satınalmaları sahəsində saxtakarlıqların qarşısının alınması və tam şəffaf mexanizmlərin yaradılması üçün həyata keçirilən Dövlət satınalmalarına nəzarət funksiyası isə ölkədə sağlam və davamlı rəqabətin, habelə sahibkarlığın inkişafının təmin olunmasına şərait yaradır. Bu məqsədlə Dövlət Xidməti tərəfindən "Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub", - Dövlət Xidmətinin rəhbəri bildirib.

M.Abbasbəyli deyib ki, "Ticarət fəaliyyəti haqqında" Qanun layihəsi üzərində fəaliyyət davam etdirilir:

"Bu qanun Azərbaycan ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektlərinin öz aralarında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq və onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək".

O, xatırladıb ki, ölkə başçısının 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib: "Bu dövlət proqramının qəbulu və növbəti 3 il ərzində icrasının əsas strateji hədəfləri ölkənin standartlaşdırma sisteminin dünya standartlaşdırma sisteminə harmonizə olunması, standartlaşdırma məhsullarının rəqabət qabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi, qeyri-qida istehlak mallarının təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması, müasir laboratoriyalar şəbəkəsinin qurulması, texniki tənzimləmə və standartlaşdırma sahəsində elektronlaşdırmanın təmin edilməsinə və digər məsələlərə xidmət edir".

M.Abbasbəyli qeyd edib ki, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı keyfiyyət əsaslı və rəqabətcil sahibkarlığın inkişafına dəstək məqsədilə Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərin rəqəmsallaşdırılması üzrə də bir sıra işlər icra edilib:

"Elektron Rəqabət Portalının yaradılması və digər dövlət qurumlarında tətbiq edilən informasiya sistemləri ilə inteqrasiya edilməsi məqsədilə "Antiinhisar, haqsız rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində innovativ idarəetmənin təmin edilməsi haqqında" müvafiq normativ-hüquqi aktların layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Həmçinin standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində nəzarətin təşkili üçün rəqəmsal platformanın – "Keyfiyyət Portalı"nın yaradılması ilə bağlı hazırlanmış müvafiq qanunlara dəyişiklik layihəsi aidiyyəti üzrə təqdim olunub".

M.Abbasbəyli etender.gov.az portalın funksionallığının artırılması üzrə təkmilləşdirmə işlərinin aparıldığını bildirərək qeyd edib ki, istifadəçi interfeysi artıq yenilənib: "Elektron portala yeni inteqrasiyalar həyata keçirilib. Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, daha sonra isə əlavə olaraq Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulub".