“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalimizin qaydışının təmin edilməsi üçün ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi başlıca məqsədimizdir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanaqlı və yaşıl bərpa” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda bu məqsədlə beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin qurumları ilə əməkdaşlıq edilir: “Növbəti addımlarda isə işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktura uyğun olaraq “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları daxil olmaqla “Yaşıl enerji” zonalarının yaradılması nəzərdə tutub. Bu da 2021-2025-ci illər üzrə sosial-iqtisadi inkişaf strategiyası layihəsində nəzərə alınıb. Dayanıqlı inkişafa nail olmaqda əməkdaşlığımızın rolu böyükdür. 2030-cu ilin gündəliyindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin sosial-iqtisadi və ekoloji potensialının daha da artırılması üçün beynəlxalq investorların iqlim dəyişiklikləri ilə mübarizədə donor təşkilatlar cəlb etməsi , beynəlxalq təşkilatlarla ayrı-ayrı ölkələr arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, özəl və dövlət şirkətlərinin prosesə qoşulmas, özəl-dövlət sektoru tərəfdaşlığının yüksək səviyyəyə qaldırılması vacibdir və ən qabaqcıl dünya təcrübəsi də bunu təsdiqləyir. Bu məqam inkişafın maliyyələşdirilməsi üçün 3-cü beynəlxalq konfransda qəbul edilmiş gündəlikdə öz əksini tapıb. Yaxın vaxtlarda bununla bağlı yeni təkmilləşdirilmiş qanunvericiliyi dövlət başçısına təqdim etmək niyyətindəyik. Bu sənədin hökümətdə razılaşdırılması prosesi başa çatır".