azerbaycanin-ermenistandan-daha-tehlukeli-olke-kimi-teqdim-edilmesi-qerez-yoxsa-ermeni-eli-tehlil

Azərbaycanın Ermənistandan daha təhlükəli ölkə kimi təqdim edilməsi: Qərəz, yoxsa erməni “əli”? - TƏHLİL

“Global Peace Index” analitik mərkəzi hər il olduğu kimi, bu il də dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini elan edib. 163 ölkənin yer aldığı siyahıda ilk yeri, yəni 2020-ci ildə dünyanın ən təhlükəsiz ölkəsi adını yenidən İslandiya qazanıb.

İlk “onluq”da Yeni Zelandiya ikinci, Portuqaliya üçüncü yerdə qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq Avstriya, Danimarka, Kanada, Sinqapur, Çexiya, Yaponiya və İsveçrə tutub. Siyahının son üç ölkəsi isə “ənənəvi” olaraq, İraq, Suriya və Əfqanıstandır.

Qeyd etmək lazımdır ki, “Global Peace Index”in hesabatı 2007-ci ildən İqtisadiyyat və Sülh İnstitutunun beynəlxalq ekspert qrupunun sosioloqları və iqtisadçıları tərəfindən hazırlanır. Bu araşdırma dünya əhalisinin təxminən 99,7 faizini əhatə edir. Tədqiqatda 23 keyfiyyət və kəmiyyət göstəricisi nəzərə alınır. 

Əsas kriterilər ictimai təhlükəsizlik səviyyəsi, təhlükəsizlik, davam edən yerli və beynəlxalq qarşıdurmalar, hərbiləşdirmə dərəcəsidir. Bundan başqa, bu il qlobal sülh indeksində koronavirus xəstəliyi ilə mübarizə, iqtisadi risklər, sülh cəhdləri də nəzərə alınıb.

Əlbəttə, siyahının başlanğıcı və sonu heç kimdə şübhə və etiraza səbəb olmur. 400 mindən az əhalisi olan uzaq İslandiya adasının liderliyinə, yaxud da son sıralarda İraq, Suriya və Əfqanıstanın yer almasına, yəqin ki, heç kim etiraz etməz. Düzdür, ötən ilin mart ayında silahlı terrorçunun məscidə hücum edib, 49 nəfəri qətlə yetirərək, 20 nəfəri yaraladığı Yeni Zelandiyanın siyahıda ikinci sırada olmasını mübahisələndirmək mümkündür.

Lakin siyahıda müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasındakı kəskin, özü də işğalçı ölkənin xeyrinə olan fərq şübhə və etiraz doğurur. “Global Peace Index” hesabatını hazırlayan ekspertlər nədənsə dünyanın ən təhlükəsiz ölkələri reytinqində Ermənistanı 99-cu, Azərbaycanı 120-ci pillədə yerləşdirməyə qərar veriblər. Digər qonşumuz Gürcüstan isə 95-ci yerdə qərarlaşıb. Əlbəttə, ilk baxışdan, bu yerləşdirmə qərəzli görünür. Çünki əgər söhbət təhlükəsizlik və əmin-amanlıqdan gedirsə, o zaman Azərbaycan nəinki Ermənistan, hətta Gürcüstandan belə geri qala bilməz, əksinə, reytinqdə daha yuxarıda olmalı idi. Bunu ölkəyə ildən-ilə artan turist səfərlərinin sayı təsdiq edir. Azərbaycana verilən yer isə, ümumiyyətlə, qərəzlidir. 

120-ci sırada olan Azərbaycanın siyahı “qonşusunun” ABŞ (121-ci yer) olması ilk baxışdan aldadıcı görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, dünyanın ən qüdrətli dövləti olan Birləşmiş Ştatlar daxili təhlükəsizlik və əmin-amanlıq baxımından heç də ürəkaçan vəziyyətdə deyil. Məsələn, ABŞ-da son 52 ildə - 1968-ci ildən - silahlı hücum və qarşıdurmalarda 1,5 milyon insan ölüb. Təkcə 2019-cu ildə ABŞ-da 41 qətliam hadisəsi baş verib və nəticədə, 211 nəfər dünyasını dəyişib. 2017-ci ildə isə ABŞ-da baş verən 60 min silahlı hücum nəticəsində 15 min insan ölüb.

Azərbaycanın digər “siyahı qonşusu” isə Latın Amerikası ölkəsi Hondurasdır. Bu, cinayətkarlığın, narkokartellərin “at oynatdığı” klassik Mərkəzi Amerikası ölkəsidir. Azərbaycanın məhz ABŞ, eləcə də 119-cu sırada yer alan Hondurasla yanaşı qoyulması, yumşaq desək, ədalətli deyil. 

Sual doğuran odur ki, siyahını tərtib edənlər Azərbaycanla müharibə vəziyyətində olan, BMT qətnamələrində də qeyd edildiyi kimi, ölkəmizin ərazilərini işğal edən və hələ də işğalçılq siyasətini davam etdirən Ermənistanı 21 pillə yuxarı – 99-cu yerə layiq görüb. Halbuki, reytinqin əsas meyarlarından biri məhz hərbiləşdirmə dərəcəsi, beynəlxalq və yerli münaqişələr götürülüb. Yəni, ən pis halda bu kriterilərdə Azərbaycanla Ermənistan qonşu ola bilərdi. Üstəlik, Azərbaycanın keçirdiyi beynəlxalq tədbirlər, turist axını ölkədə təhlüksəzikliklə bağlı vəziyyətin Ermənistandan nəinki pis olmadığını, hətta yaxşı olduğunu deməyə əsas verir.

Ermənistanla cəbhədə atəşkəs elan olunub və faktiki olaraq, Azərbaycanda hazırda sabitlik mövcuddurÖlkə daxilində ictimai təhlükəsizliyi təhdid edən hər hansı silahlı və silahsız qrup mövcud deyil. Ölkə ərazisində iri beynəlxalq layihələr həyata keçirilir, minlərlə xarici ölkə vətəndaşı Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə çalışır, ölkəyə hər il on minlərlə turist gəlir və onlara qarşı hər hansı planlı çağırış və ya hücum qeydə alınmayıb. Yəni, daha sadə dildə deyilsə, Azərbaycanda onu Ermənistandan daha təhlükəli ola biləcəyini göstərən hər hansı hadisə baş verməyib. 

Yalnız bir variant qalır: qərəz və erməni “əli”. Hansı ki, ötən il bu zamanlarda baş vermişdi. Həmin vaxt Avropada müəyyən dairələrin 2019-cu il mayın 29-da futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçirilməsi nəzərdə tutulan final oyunu ərəfəsində qaldırdıqları hay-küy yada düşür. İngiltərənin iki məşhur klubu – “Arsenal” və “Çelsi”nin matçından əvvəlki ajiotaj nəticə verməsə də, Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyasının aparıldığını sübut etdi. Müəyyən qruplar Azərbaycanın artan turizm potensialı və regional mərkəz olmaq yolundakı cəhdlərini baltalamaq üçün bu cür ilk baxışdan kiçik təxribatlara əl atırlar.

Lakin təbii ki, bütün bu “ekspert siyahıları”ndan daha mühüm olan real mənzərədir. Real mənzərə isə Bakıda hər il onlarla beynəlxalq idman yarışının, konfransların, mədəniyyət tədbirlərinin və s. keçirildiyini və ölkəmizə on minlərlə turistin gəldiyini göstərir. 

Oxu.Az