azerbaycanin-numayende-heyeti-bmt-qak-in-71-ci-sessiyasinda-istirak-edir-foto

Azərbaycanın nümayəndə heyəti BMT QAK-ın 71-ci sessiyasında iştirak edir - FOTO

Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 71-ci sessiyasında iştirak edir.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, 5 oktyabr 2020-ci il tarixindən başlayan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 71-ci sessiyasında Azərbaycanı Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Oktyabrın 9-dək davam edəcək sessiyanın ilk günündə əvvəlcə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionunda baş verən hadisələrə diqqət çəkilib.

Bildirilib ki, beynəlxalq ictimaiyyət pandemiya ilə mübarizə apardığı bir dövrdə Ermənistan ənənəvi təcavüzkar siyasətindən əl çəkməyərək, Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini ağır artilleriya qurğularından atəşə tutub və nəticədə üçü azyaşlı olmaqla 24 mülki şəxs həlak olub.

“Son vaxtlar müntəzəm xarakter alan bu hərbi təxribatlara cavab olaraq, Azərbaycan erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, eləcə də mülki şəxslərin təhlükəsizliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına geri qayıtmaq hüquqlarının bərpası məqsədilə əks-hücum tədbirləri həyata keçirir”, - deyə V.Hüseynov bildirib.

Həmçinin, Ermənistanın beynəlxalq himayə sisteminin əsas prinsiplərini istismar etdiyi, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozduğu sessiya iştirakçılarının diqqətinə çatdırılıb. 

Əlavə olunub ki, Ermənistan ermənilərin, üçüncü ölkələrdən olan erməni mənşəli, eləcə də sığınacaq axtaran şəxslərin, muzdluların Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşmasını həyata keçirməklə Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişməyi hədəfləyir.

Qeyd edək ki, sessiyada ölkəmizdə COVID-19 pandemiyası ilə əlaqədar həssas kateqoriyadan olan şəxslər üçün həyata keçirilmiş sosial layihələr, Azərbaycan Respublikasında qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda əldə olunmuş irəliləyişlər barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası 2019-cu ildə keçirilmiş Qlobal Qaçqın Forumunda və Vətəndaşsızlığa dair Yüksək Səviyyəli Seqmentdə götürdüyü öhdəliklərin icrası ilə bağlı müvafiq tədbirlər görüb. Belə ki, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin himayəsində olan şəxslərin tibbi sığorta sisteminə daxil edilməsi təmin olunub, həmçinin onların qanuni əmək fəaliyyəti və əmək bazarlarına çıxışları sadələşdirilib. Bununla yanaşı, qaçqın tələbələrin ali təhsil almalarına dəstək məqsədilə də müvafiq tədbirlər görülməkdədir.

Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd edib ki, 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin sərbəst hərəkət azadlığını təmin etmək üçün yol sənədlərinin rəsmiləşdirilməsinə başlanılıb. 

Görülmüş tədbirlərin qaçqınların müdafiəsi ilə məhdudlaşmadığı, eyni zamanda ölkədə vətəndaşsızlığın aradan qaldırılması istiqamətində də konkret addımların atıldığı bildirilib.

V.Hüseynov ötən sessiyadan etibarən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin bir qisminin artıq Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə vətəndaşlığa qəbul edildiyini, həmçinin bu kateqoriyadan olan çoxsaylı müraciətlərin də baxılma mərhələsində olduğunu diqqətə çatdırıb.

Çıxışının yekununda xidmət rəisi bir daha beynəlxalq ictimaiyyətin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsinin və regionda sülhün bərqərar olması üçün erməni işğalına son qoyulmasının vacibliyini vurğulayıb.