azerbaycanin-xam-neftinin-ozluluyunun-qiymetlendirilmesi-ucun-model-islenilib

Azərbaycanın xam neftinin özlülüyünün qiymətləndirilməsi üçün model işlənilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin “Azərbaycanın xam nefti üçün müxtəlif empirik korrelyasiyalara əsaslanan neft özlülüyünün qiymətləndirilməsi” adlı məqaləsi “International Journal of Information Technology and Computer Science” jurnalında dərc olunub.

İnstitutdan bildirilib ki, jurnal “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “VINITI”, “JournalSeek”, “WordCat”, “Scirus”, “Academic Journals Database”, “Stanford University Libraries”, “Cornell University Library”, “CNKI Scholar”, “BASE”, “OhioLINK” və s. beynəlxalq elmi bazalarda indeksləşir. Məqalənin müəllifləri institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimovadır.

Neft sənayesində neftin özlülüyünün qiymətləndirilməsi vacib məsələlərdəndir. Bu məqsədlə məqalədə ədəbiyyatlarda ən çox rast gəlinən bəzi empirik korrelyasiya tətbiq etməklə Azərbaycanın “Günəşli” neft yatağından götürülmüş neft nümunələri üzrə neftin özlülüyünün proqnozlaşdırılması məsələsinə baxılıb. Eksperimentlər “Windows 10” əməliyyat sistemi mühitində Python (Jupyter notebook server) proqramlaşdırma dilindən istifadə etməklə aparılıb. Nəticələri vizuallaşdırmaq üçün “Matlab”, “Microsoft Excel” proqram platformasından istifadə olunub.

© Azertag.az