Ölkəmizə səfərə gəlmiş Serbiya Respublikası əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
Nazirlikdən verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Azərbaycan-Serbiya əlaqələrinin strateji xarakter daşıdığını, iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını vurğulayıb.
2013-cü ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əlaqələrin inkişafına imkan yaratdığını deyib. Ticarət və iqtisadi əməkdaşlığın yüksələn xətlə davam etdiyini, ticarət dövriyyəsində ildən-ilə artımın olduğunu, 2021-ci ilin yanvar-may aylarında da bu artımın 55,39 faiz təşkil etdiyini qeyd edib.
Serbiya ilə əmək, məşğulluq, sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələri üçün böyük potensialın olduğunu vurğulayan nazir artıq bu sahədə qarşılıqlı fayda verəcək əməkdaşlıq sənədlərinin layihələrinin hazırlandığını qeyd edib.
Görüşdə Serbiyanın sosial sahədə islahatlar təcrübəsi barədə məlumat verilib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”inin layihələri müzakirə olunub.
Həmçinin hərbi əməliyyatlar zamanı xəsarət almış şəxslərin, xüsusi qayğıya ehtiyac duyan uşaqların reabilitasiyası sahələrində görülən işlərə dair qarşılıqlı məlumat mübadiləsi olub.
Görüşün yekunu olaraq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Keçirilən brifinqdə S.Babayev və D.K.Tepavçeviç imzalanan sənədin Azərbaycanla Serbiya arasında əlaqələrin artıq əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməklə daim genişlənməsinin növbəti bariz ifadəsi olduğunu vurğulayıb, qarşılıqlı faydalı əməkdaşlıq, uğurlu təcrübə mübadilələri üçün əsas yaratdığını vurğulayıblar.