azerbaycanli-hakim-cexiya-parlamentinde-cixis-etdi

Azərbaycanlı hakim Çexiya Parlamentində çıxış etdi

Cari ilin noyabr ayının 26-da Çexiya Respublikasının məhkəmə sisteminin səmərəliliyi və keyfiyyəti ilə bağlı Parlamentdə deputatlar, məhkəmə sədrləri, hüquq ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirildi.

İclasda Parlamentin Hüquq və Konstitusiya Məsələləri üzrə Komitəsinin sədri Miroslav Antl, Çexiya Ədliyyə naziri xanım Marie Beneşova, Konstitusiya Məhkəməsinin sədri Pavel Riçetski, Ali Məhkəmənin sədri Pavel Şamal, Çexiya Hakimləri Assosiasiyasının sədri xanım Niovi Rinqu və digər məsul şəxslərin məruzələri dinlənildi.

Çexiya məhkəmə sisteminin səmərəliliyi, mövcud olan müsbət və mənfi hallar, qarşıda duran vəzifələr, təkmilləşdirilməyə ehtiyac duyulan sahələrlə bağlı Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ - CEPEJ) prezidenti, həmyerlimiz Ramin Qurbanov Çexiya Parlament üzvləri qarşısında çıxış etdi.

R.Qurbanov çıxışında Çexiya məhkəmə sisteminin məhsuldarlıq göstəricilərini digər Avropa dövlətlərinin eyni göstəriciləri ilə müqayisə edərək bildirmişdir ki, Çexiya Respublikasının inzibati ədliyyə sahəsində məhkəmə işlərinin vaxtında həll olunması ilə bağlı ciddi pozuntular müşahidə olunsa da, mülki və kommersiya işlərinin həllində Çexiya Avropa İttifaqının 28 üzv dövləti sırasında yeddinci yerdədir.