Davamlı texnoloji inkişaf üçün yeni imkanlardan faydalanaraq Bakutel-2019 Telekommunikasiya sərgisi çərçivəsində Azercell Ericsson şirkəti ilə Azərbaycanda 5G-nin inkişafını sürətləndirmək məqsədilə strateji tərəfdaşlığa başlayırlar. Bakutel sərgisinin ilk günü imzalanan Anlaşma Memorandumu, 5G ilə bağlı layihələrin, sınaqların sınağı və 2020-2022-ci illər üçün texniki sınaqların fəaliyyət planı xəritəsini əhatə edir.
Bu ilin noyabr ayında Azercell tərəfindən Azərbaycanda ilk dəfə olaraq 5G şəbəkəsinin flaqman mağazasında uğurla sınaqdan keçirilməsindən sonra Azercell və Ericsson Bakı şəhərinin mərkəzində 5G şəbəkəsini sınaqdan keçirməyə davam etdilər. Tərəfdaşlar ziyarətçilərə mobil cihazlarda 5G şəbəkəsindən yararlanmaq imkanı verən, Fəvvarələr Meydanında yerləşən kommersiya-öncəsi 5G pilot zonasını yaratmış oldular.
Ölkənin əsas telekom sərgisi – Bakutel 2019 tədbirində şirkətlər açıq 5G sürət testi zamanı 1 Gigabit yükləmə həddinə çataraq beşinci nəsil mobil internet bağlantısının inkişaf etmiş imkanlarını nümayiş etdirdilər. Ziyarətçilər Birgə Multisensor Kommunikasiya, 5G konfrans və VR multiplayer oyun zonaları kimi üç 5G demo imkanlarının şahidi oldular.
Azercell və Ericsson Bakutel 2019 sərgisində 5G istifadə imkanlarının inkişafını, mədən sənayesində, kənd təsərrüfatında, istehsalatda, mənzil və kommunal təsərrüfatlarında IoT (Əşyaların interneti) texnologiyasının tətbiqi daxil olan, amma bununla məhdudlaşmayan 5G kommersiya-öncəsi pilot zonasını genişləndirmək planını əhatə edən Anlaşma Memorandumu imzaladılar.
“Şirkət olaraq, biz hər zaman gələcəyin qurulmasını prioritet tutub, ən son texnoloji yeniliklər dövründə yüksək sürətli mobil internet və daimi innovativ həllər təqdim etməyə hədəflənirik. Daimi tərəfdaşımız Ericsson ilə birlikdə Azercell ölkədə ilk 5G pilot şəbəkəsini istifadəyə verərək, özünü dünyanın mobil bazarındakı liderləri ilə bərabər səviyyəyə çatdırdı. İnanırıq ki, 5G mobil internet bağlantısı üçün böyük bir addım olmaqla yanaşı, müəssisə və sənaye sahələrində daha yüksək məhsuldarlıq, effektivlik və müsbət müştəri təcrübəsi qazandırmaq üçün yeni imkanlar açacaq.", deyə Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib.
“Azercell-in hazırda mövcud olan ən qabaqcıl telekomunikasiya texnologiyası olan 5G dünyasına səyahətdə dəstək göstərməkdən məmnunuq. Hal-hazırda, Ericsson tərəfindən təchiz edilmiş 24 canlı 5G şəbəkəsi dörd qitənin 14 ölkəsində istifadəyə verilmişdir. Bu ölkələrdə istehlakçılar 5G satış xidmətlərindən çox razıdırlar, bu texnologiya çox sürətlə yayılır. Bu gün Azərbaycandakı əsas tərəfdaşımız olan Azercell ilə birlikdə 5G-nin verə biləcəyi daha geniş imkanlar, innovativ həllər və tətbiqlərə yol açmaqdan qürur duyuruq.'', Ericsson-un Şərqi Avropa və Orta Asiya bölgəsi üzrə prezidenti Sebastian Tolstoy qeyd edib.
Qeyd edək ki, sərgi çərçivəsində, Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev həmçinin "SmartCell" həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov ilə Anlaşma Memorandumu imzalayıb. Məlumat üçün bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.
Azercell Azərbaycanı yeni bağlantı erasına hazırlamaq vədəsinə sadiq qalaraq yerli və beynəlxalq şirkətlərlə yeni əməkdaşlıq layihələrini genişləndirəcəkdir.