azercell-in-desteklediyi-usaq-qaynar-xetti-son-yarimilde-3000-e-yaxin-zeng-qebul-edib

Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib!

“Uşaq Qaynar Xətt” xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır

11 ildən artıqdır Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan “Uşaq Qaynar Xətt” xidməti (AUQX) cari ilin iyun ayı üçün hesabatını təqdim edib. Uşaqlara təmənnasız olaraq psixoloji və sosial yardım göstərən qaynar xətt xidmətinə bu ay ərzində 375 zəng daxil olub. Bunların böyük hissəsi hüquqi məsələlərlə (99 zəng) bağlı olub. Müraciətlər təhsil və psixoloji (cəmi 159 zəng), səhiyyə (35 zəng), sosial (24 zəng)  və digər (58) sahələrlə bağlı olub. Müraciət edənlərin əksəriyyəti (241 zəng) ilk dəfə xidmətə zəng etdiklərini bildiriblər.

Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə iyun ayı boyunca həm böyüklər (248 zəng), həm də  uşaqların özləri (115 zəng) müraciət ediblər. Xidmətdən yardım istəyən uşaqların 77-si qız, 38-i isə oğlan olub. Həmçinin sosial şəbəkələr üzərindən 12 anonim müraciət daxil olub.

Sözügedən dövr ərzində Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə daxil olan zənglər arasında  psixoloji təzyiq halları, əməyin istismarı, etinasızlıqla bağlı müraciətlər də yer alır.

İyun ayında qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 5 ailə ilə görüş təşkil edilib. Həmçinin fərdi və qrup şəklində 11 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlara tibbi dəstəyin göstərilməsi, səhiyyə xidməti ilə təmin olunması ilə bağlı 3 müraciət daxil olub ki, AUQX əməkdaşları bu uşaqların səhiyyə hüquqlarının təminatı üçün zəruri addımlar atıblar.

Ümumilikdə bu ilin ilk altı ayı ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 2761 zəng daxil olub. Bunların əksəriyyəti təhsil sahəsi (874 zəng), hüquqi (580 zəng), psixoloji (418 zəng), sosial (260 zəng), səhiyyə (172 zəng) və digər (457 zəng) sahələrə aid olub. 2020 zəng böyüklər, 621 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub.

Altı ay ərzində qeydə alınan müraciətlərlə əlaqədar 39 ailə ilə görüş təşkil edilib, 105 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlarda əlillik dərəcəsinin müəyyən olunması, buna uyğun olaraq sosial müavinətin təyin edilməsi ilə bağlı 12 müraciət, xüsusi qayğıya ehtiyacı olan uşaqların müayinə və müalicəsi, onların səhiyyə hüquqlarının təmin olması ilə bağlı isə 13 müraciət daxil olub. Bu məsələlərlə əlaqədar  müraciət edənlərə müavinətlərin təyin olunmasında dəstək göstərilib.

Bu aylar ərzində AUQX sosial şəbəkələr üzərindən də fəaliyyətini gücləndirməyə davam edib. Mərkəz əməkdaşları sosial şəbəkələrdən daxil olan müraciətləri də operativ şəkildə cavablandırıblar.

AUQX xidmətinin əməkdaşları yalnız daxil olan müraciətləri cavablandırmaq, onların həlli üzrə fəaliyyət göstərməklə  kifayətlənmirlər. Xidmətin işinin bir qismini də maarifləndirmə təşkil edir. Bu aylar ərzində xidmət əməkdaşları onlayn vebinar və canlı yayımlar təşkil ediblər, beynəlxalq təlimlərdə iştirak ediblər. Təkcə iyun ayında 3 gün boyunca “Kompleks travmanın müalicəsi üçün Bağlılıq, Tənzimləmə və Səriştəlilik Çərçivəsi” mövzusunda beynəlxalq təlim təşkil edilib. Bu təlim iyul ayı ərzində də davam edəcək. Ümumilikdə 6 ay ərzində “Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri”, “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” mövzularında onlayn tədbirlər keçirilib.

Qeyd edək ki, “Azercell Telecom” MMC-nin, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə xidmətin yaradılmasında məqsəd ailədə hər hansı təzyiqə məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqi də istifadəyə verilib.

Qaynar xəttə həm 116111 qısa nömrəsi, həm də Azercell nömrələrinə (050 680 22 80; 051 580 22 80; 051 880 11 80; 051 880 22 80) zənglə, habelə e-poçt xidməti (ushaqqaynarxetti@gmail.com), Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat (www.childhelpline.az) və “ushaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.