2020-ci il bütün dünyada olduğu kimi Azərbaycanda da biznes və şirkətlər üçün sınaq dövrü kimi yadda qaldı. Koronavirus pandemiyası, karantin məhdudiyyətləri, istehlakçıların həyat tərzi və tələbatlarının dəyişməsi, ən əsası uğurla başa çatan Vətən Müharibəsi biznes, o cümlədən mobil rabitə şirkətlərinə öz fəaliyyətinə yenidən baxmaq, xidmət və məhsullarını müasir tələblərə uyğunlaşdırmaq imkanı yaratdı.
Ölkənin lider mobil operatoru Azercell üçün 2020-ci il olduqca məhsuldar keçib. Şirkətin fəaliyyəti, əldə etdiyi nəticələr və qarşıdakı dövr üçün planları barədə sualları «Azercell Telekom» MMC-nin prezidenti Vahid Mürsəliyev cavablandırıb.
1. Vahid müəllim, koronavirus pandemiyası, çoxsaylı dayanmalar, Qarabağda müharibə və internetə məhdudiyyətlər. Azercell bu mürəkkəb ili necə başa vurdu?
- Doğrudan da, ötən il ölkəmizin tarixində olduqca əlamətdar bir il oldu. Şanlı ordumuz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Qarabağ və ətraf bölgələri erməni işğalından azad etdi.
Bütün dünya xalqımızın qələbə əzminə və tarixi zəfərinə şahid oldu. Koronavirus pandemiyası və digər problemlərə baxmayaraq, 2020-ci il Azərbaycan üçün parlaq bir il kimi tarixə düşdü. Bu tarixin canlı şahidləri olaraq, o xoşbəxt hissləri biz də yaşadıq.
Digər tərəfdən, biz də öz növbəmizdə bu həssas dövrdə öz işimizi yerinə yetirməklə yanaşı, sosial baxımdan məsuliyyətli olmaqla, ölkə iqtisadiyyatına və əhalinin rifahına töhfə verməyə çalışdıq.
Ötən il də ölkənin mobil rabitə bazarında liderliyimizi saxlamışıq. Hazırda 5 milyondan çox abunəçi bazasına malik olan şirkətimizin bazar payı 49%-dir. Şirkətimizin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.8%, əhali əhatəsi isə 98.8% təşkil edir.
2. Yeri gəlmişkən, azad olunan ərazilərdə Azərbaycanın mobil operatorları fəaliyyətə başlayıb. Azercell işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərirmi?
- Qürur hissi ilə bildirmək istərdim ki, Azercell Qarabağ və işğaldan azad edilmiş digər ərazilərdə mobil şəbəkə infrastrukturunun quraşdırılmasına başlayan ilk mobil operator oldu. Biz o qədər çevik davrandıq ki, bəzən dostlar mənə zəng edərək zarafatla «Azercell deyəsən ordu ilə birlikdə hərəkət edir», - deyirdilər. Qarabağın döyünən ürəyi - Şuşa azad edildikdən cəmi bir neçə gün sonra Azercell ərazidə mobil şəbəkənin istismara verildiyini bəyan etdi. Hal-hazırda Şuşa şəhərini tamamilə Azercell şəbəkəsi əhatə edir.
3. Maraqlıdır, hazırda ermənilərin yaşadığı ərazilərdə Azercell-in şəbəkəsi varmı? Yəni tələbat olarsa, həmin ərazilərdə də mobil xidmətə başlamaq mümkündürmü?
- Biz ölkəmizin bütün ərazi hüdudları çərçivəsində rabitə xidmətlərini göstərməyə hazırıq.
Hazırda infrastrukturun quraşdırılmasına icazə verilən bölgələrdə LTE şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Ölkənin lider mobil operatoru olaraq, bizim əsas niyyətimiz işğaldan azad edilmiş bütün tarixi torpaqlarımızı ən qısa zamanda müasir mobil şəbəkə ilə əhatə etməkdir. Vətəndaşlarımızı, öz yurdlarına geri qayıdacaq soydaşlarımızı qısa zamanda fasiləsiz kommunikasiya və innovativ xidmətlər ilə təmin etməyə hazırıq.
4. Şirkətin iqtisadi göstəriciləri necədir? Ötən il biznes üçün mürəkkəb oldu, bəs Azercell-də necə?
- Rominq xidmətlərinin qlobal pandemiya ilə əlaqədar iflic vəziyyətə düşməsinə baxmayaraq, biz gəlirlərimizi artırmağa nail olduq. 2020-ci ildə Azercell-in gəliri 2019-cu ilə nisbətən 4.4% artaraq 455 mln manat, xalis gəlir isə 2019-cu ilə nisbətən 1% artaraq 102 mln manat təşkil edib. Biz artıq uzun illərdir ki, ölkəmizdə qeyri-neft sektorunun ən iri vergi ödəyicisiyik.
Ötən il də şirkətimiz dövlət büdcəsinə 111 milyon 900 min manat ödəyib. Ümumilikdə fəaliyyətə başladığımız 24 il ərzində isə büdcəyə vergilər də daxil olmaqla 2 milyard manata yaxın vəsait ödəmişik. Bu mürəkkəb ildə şirkətimiz Azərbaycanda telekommunikasiyanın inkişafına 58 milyon dollar, ümumilikdə isə 1 milyard 700 milyon ABŞ dolları sərmayə yatırıb.
Azercell təkcə ötən il sosial layihələrə 2 milyon 600 min dollardan çox vəsait sərf edib ki, bu göstərici 24 il ərzində 21 milyon 800 min dolları keçib. Xatırladaq ki, şirkət 2019-cu ildə sosial layihələrə 253 min ABŞ dollarından artıq vəsait ayırıb.
5. Ötən il yaşanan çətinliklər bəzi şirkətləri xərclərini və işçilərini azaltmağa məcbur edib. Bəs Azercell-də necə, qənaət və ixtisarlar oldumu?
- Güclü və işinə həvəsli insan kapitalının olması şirkətimiz üçün mühüm strateji məsələdir. Ölkəmizdə karantin rejimi elan edildiyi gündən etibarən biz müvafiq tədbirlər gördük, sosial təcrid şərtlərinə riayət etmək üçün əməkdaşlarımızın əksəriyyətini distant iş rejiminə keçirdik, ofisdə çalışan işçilərin sayını karantin rejiminin tələblərinə uyğun olaraq nizamladıq.
Ötən il, qeyd etdiyiniz kimi, bütün bizneslər üçün sınaq ili oldu. Biz çağırışlarla dolu bu ili rəqəmsal strategiyamız, eləcə də peşəkar və işinə həvəsli Azercell komandası sayəsində birlikdə gecə-gündüz çalışaraq uğurla başa vurmağa müvəffəq olduq. Bu gün mən böyük sevinc və fəxr hissi ilə bildirmək istərdim ki, bu qeyri-sabit vəziyyətdə bizim komandamız yüksək performans nümayiş etdirdi və şirkətimizdə ixtisarlar etmək məcburiyyətində qalmadıq.
Bizim insan kapitalına verdiyimiz dəyər beynəlxalq səviyyədə də qiymətini alıb. 2021-ci ilin yanvar ayında şirkətimiz insan kapitalının inkişafı və idarə edilməsi sahəsində beynəlxalq «İnvestors in People» (IIP)- «İnsana Sərmayə» standartının Platin sertifikatına layiq görüldü. Bununla da, Azercell MDB məkanında «İnsana Sərmayə» standartının Platin sertifikatını qazanan ilk və yeganə şirkət oldu.
6. Vahid müəllim, pandemiya biznes fəallığını kəskin azaltsa da, onlayn iş, məsafədən təhsilin kütləviləşməsi internet və mobil xidmətlərə tələbatı kəskin artırdı. Siz bu baxımdan ötən ilin müsbət, yoxsa mənfi təsirini daha çox hiss etmisiniz?
- Elə indiyə qədər də müasir həyatı rabitəsiz təsəvvür etmək mümkün deyildi. Üstəlik, mobil rabitənin məqsədi və rolu, eləcə də abunəçilərimizin istəkləri və zamanın tələbləri də davamlı dəyişir. Koronavirus pandemiyasına (COVID-19) görə tətbiq edilən karantin şəraiti yüksəksürətli internetə və rəqəmsal məhsullara tələbatı artırıb. Buna səbəb həm distant təhsil, həm bir çox bizneslərin distant iş rejiminə keçməsi, həm də insanların asudə vaxtlarını evlərində keçirməsi oldu.
Təsəvvür edin ki, ümumilikdə 2020-ci il ərzində şəbəkə üzrə səs trafikində 14%, internet trafikində isə 60% artım əldə olunub.
7. Sizin mobil və internet şəbəkəniz bu artımı qarşılamağa hazır idi?
- Bəli. Məsələ bundadır ki, biz hələ bir il əvvəldən rəqəmsallaşma strategiyasına başlamışdıq. Əsas məqsəd innovativ və rəqəmsal həllərin daha aktiv tətbiq edilməsi idi. İl ərzində mobil internetə artan tələbatı qarşılamaq üçün Azercell-in LTE şəbəkəsi də genişləndirildi. Nəticədə LTE texnologiyası ilə ötürülən data trafik həcmi son bir il ərzində 2,3 dəfəyə kimi artıb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 69%-i bu texnologiya üzərindən verilir.
8. İnternet xidmətlərinə tələbatın artması bundan sonra da davam edəcək. Azercell-in şəbəkəsi bu tələbatı qarşılaya biləcəkmi?
- Qarşıdakı dövrdə də artımın davam edəcəyi şübhəsizdir. Bunu nəzərə alaraq şəbəkəmizi artan tələbata uyğunlaşdırırıq. Ümumi göstəricilərə nəzər yetirsək, 2019-cu ilin əvvəlindən 2020-ci ilin sonuna kimi, yəni son iki ildə Azercell-in LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsi 35,9%-dən 85,1%-ə, coğrafi dairəsi isə 22,5%-dən 72,4%-ə qədər genişləndirilib. Hazırda bu texnologiya ilə işləyən Radio Baza Stansiyaların ümumi sayı isə 2679-a çatdırılıb. Təkcə ötən il 784 LTE stansiya istifadəyə verilib.
Şəbəkənin genişlənməsi ilə paralel olaraq Azercell-in internet trafikinin keyfiyyətinin daha da artırılması üçün də işlər aparılır, ölkə üzrə LTE-Daşıyıcı Birləşdirmə sistemi aktiv edilir. Bu da LTE şəbəkəsindən istifadə edən abunəçilərə daha yüksək sürətli internetdən yararlanmağa imkan yaradacaq.
9. Məsələn, metroda Azercell-in internetinin keyfiyyəti artırılacaqmı? İndi metro işləməsə də, yəqin yaxın vaxtlarda işə düşəcək.
- Bəli, abunəçilər üçün son dərəcə əhəmiyyəli olan Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün işlər aparılır. Bunun üçün stansiya və tunellərdə LTE şəbəkəsi sürətlə genişləndirilir. Artıq 14 metro stansiyası və tunellər LTE şəbəkəsi ilə əhatə edilib. Əlavə olaraq, metro stansiyalarında da LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktiv edilib.
10. Vahid müəllim, sizin dediklərinizdən də aydın olur ki, Azercell indi artıq təkcə mobil rabitə deyil, internet bazarının da ciddi oyunçusudur. Bu imkanlar elə mobil rabitə bazarında qalacaq, yoxsa onları reallaşdırmaq üçün əlavə sahələrə genişlənmək nəzərdə tutulur?
- Hazırda mobil operatorların xidmət çevrəsi günü-gündən genişlənir, Mobil bankçılıq, Bulud Həllər kimi innovativ texnologiyalar mobil operatorları tam xidmət təminatçısına transformasiya edir. Bu gün qlobal rabitə və müasir internet texnologiyaları insanların həyatını və həyatımızdakı bütün prosesləri rəqəmsallaşdırıb. Yeni norma özüylə birlikdə yeni qaydalar və yeni həyat tərzi gətirməklə bizi dünyanın demək olar ki, hər bir nöqtəsində internet vasitəsilə əlçatan edib. Bu, yeni vəziyyətdir - biz artıq Əşyaların İnternetinə deyil (IoT-Internet of Things), hər şeyi əhatə edən internetə (IoE- Internet of EVERYTHING) alışırıq.
Biz inkişaf strategiyamızı innovativ texnologiyalar, rəqəmsal həllər, istifadəçilərin seçimlərini təhlil etməyi mümkün edən Big Data üzərində qurmağa çalışırıq. Bu gün dünya praktikasında mobil operatorlar fəaliyyətlərində bilavasitə Big Datanın imkanlarından istifadə edirlər ki, bu da öz növbəsində şirkətlərə rəqabətqabiliyyətliliyi qoruyub saxlamağa dəstək olmaqla yanaşı, hətta gəlirlərini artırmağa bir vasitə olur.
Hədəfimiz ölkəmizdə rəqəmsal ekosistemin inkişafına töhfə verib Azərbaycanı yeni inkişaf mühitinə hazırlamağa dəstək olmaqdır. Qeyd edək ki, təkcə son 1 il ərzində Azercell-in rəqəmsal həllərindən istifadə edən aktiv abunəçilərin sayı 18% artıb.
11. Bu vəziyyətə Azercell-in cavabı nədir?
- Şirkətimiz rəqəmsallaşma erasına hazır idi. Biz pandemiyadan bir il öncə, hələ 2019-cu ildə fəaliyyətimizin yeni dövrunə qədəm qoyaraq strategiyamızı rəqəmsallaşmaya doğru dəyişdik. Son 2 il ərzində şirkətimiz həm fərdi, həm də korporativ abunəçiləri üçün rəqəmsal məhsullar çeşidini genişləndirdi.
Bu sahədə vacib addımlardan biri Mobil Ödəmə xidmətinin işə düşməsi oldu. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə ölkədə «Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» qəbul edilib. Mobil Ödəmə xidməti də abunəçilərə nağd puldan istifadə etmədən mobil telefon vasitəsilə ödəmə əməliyyatları həyata keçirməyə imkan yaratdı.
Xidmət «Azercell Telekom» MMC-nin PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəldi.
Şirkətimizin özünəxidmət həllərindən biri olan «Kabinetim» tətbiqimiz isə Azərbaycanda biznes kateqoriyasında ən çox yüklənilən proqramlardan birinə çevrildi.
2020-ci ildə Telegram Bot və “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi”xidmətlərini də təqdim etdik.
Biz yerli bazarda maarifləndirici və əyləncə yönümlü rəqəmsal kontent də təqdim edirik. Bura Bookmate, Busuu, Azercell Kids, ivi, Sberzvuk kimi xidmətlərimizi aid etmək olar. Yeri gəlmişkən, ötən il BluTV və NNTV ilə də əməkdaşlığa başladıq.
Dünyada baş verən son hadisələr bir daha sübüt etdi ki, indiki dövrdə yeni tələblərə və trendlərə uyğunlaşmaq kifayət etmir, onları əvvəlcədən müəyyən edərək bir addım qabaqda olub, o tələbləri sürətlə qarşılamaq lazımdır. Biz də bunun üçün yalnız mobil operator deyil, həm də rabitə partnyoru və qabaqcıl həllər təchizatçısı olmağa çalışırıq.
12. Azercell-in korporativ sektor - şirkət və sahibkar müştərilərinin ehtiyacları necə dəyişib? Şirkət onlar üçün hansı yenilikləri edib?
- Rəqəmsal era limitsiz imkanlarla yanaşı, bizneslər qarşısında yeni çağırışlar da yaradır. Bu gün həyatımızı cənginə alan rəqəmsallaşma şirkətləri də yeni reallığa uyğunlaşmağa vadar edir. Xüsusilə koronavirus pandemiyası və onun yaratdığı şərait rəqəmsallaşmanın nə dərəcədə vacib olduğunu göstərdi. Biz isə Azercell Biznes olaraq yeni nəsil həllər və qabaqcıl texnologiyalar vasitəsilə biznes müştərilərimizin rəqəmsallaşmasına dəstək veririk.
13. Bunu hansı formada edirsiniz?
- Bizim korporativ müştərilərimiz xüsusi olaraq onlar üçün işlənib hazırlanan rəqəmsal həllərdən istifadə edirlər. Abunəçilərimizin istifadəsinə xüsusi danışıq və internet paketləri vermişik, eləcə də onlara etibarlı yüksək sürətli internet bağlantısından yararlanmaq imkanı yaradan Biznesim İnternet Xətti xidmətini təqdim etdik.
Abunəçilərimizi kəsintisiz data xidmətləri ilə təmin edərək sürətli internet bağlantısı üçün nəzərdə tutulan cihazları da xüsusi şərtərlə istifadəyə verdik. Bütün bunlar korporativ seqmentdə internet istifadəçilərimizin sayını ötən ilə nisbətən 14% artırmağımıza səbəb oldu.
14. Bir qədər əvvəl Azercell-in biznes sektoruna təqdim etdiyi yeni «Biznesim Veb» məhsulu vasitəsilə artıq istənilən şirkət demək olar ki, pulsuz olaraq özünə elektron mağaza yarada biləcək. Pandemiyanın qəflətən yaxaladığı şirkətlər belə məhsullara böyük ehtiyac duyurlar. Sizin xidmətə maraq necədir və belə xidmətlərin sayı artacaqmı?
- Pandemiya biznesləri ənənəvi satış üsullarından uzaqlaşıb, fəaliyyətlərini onlayn şəkildə qurmağa sövq etdi. Bu çətin dövr ərzində yalnız rəqəmsallaşmanı tətbiq edən, güclü onlayn marketinq strategiyaya sahib olan bizneslər üstünlük əldə edərək, bazarda aktuallığını saxlaya bildi. COVID-19 keyfiyyətli veb-sayta ehtiyacı daha da artırdı. Biz də korporativ abunəçilərimizə dəstək olaraq öncədən heç bir ödəniş tələb etməyən, cəmi 3 gün ərzində veb-sayt yaratmağa dəstək olan Biznesim Veb xidmətini istifadəyə verdik. Xidmət abunəçilərimiz tərəfindən böyük rəğbətlə qarşılandı və hazırda ondan yararlanmaq istəyən müştərilərin sayı günü-gündən artmaqdadır.
Biz bundan sonra da rəqəmsallaşma strategiyamız çərçivəsində abunəçilərimizə ən son texnoloji yenilikləri və innovativ həlləri təqdim etməyə davam edəcəyik.
15. Ötən il ölkədə və insanların həyat tərzində baş verən proseslər müştərilərin istehlakçı davranışlarını necə dəyişib? Şirkət bu həssas dövrdə müştərilərlə kontaktını saxlaya bilibmi?
- Müştərilərimizin sağlamlığı və rahatlığı şirkətimizin öncəliyidir.
Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ofislərimizdə bütün priventiv tədbirlər görülüb və indi də davam edir.
2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell il ərzində bütün mümkün platformalar üzərindən xidmət çeşidini genişləndirib.
Müxtəlif xidmət kanalları ilə müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemi tətbiq etmişik. 2020-ci ildə Azercell-in Əlaqə Mərkəzinə 4 milyona yaxın zəng və onlayn kanallar vasitəsilə 450 min sorğu daxil olub, bunlardan 95%-98%-i cavablandırılıb. Premium dəstək xəttində cavablandırma 96%-dir. Ümumilikdə ötən il Əlaqə Mərkəzimizin müştəri məmnuniyyəti səviyyəsi 94% olub.
Bundan əlavə, 2020-ci il ərzində Müştəri Xidmətlərimiz 1 milyona yaxın abunəçiyə üz-üzə xidmət göstərib.
Sərt karantin rejimində yaşı 65-dən yuxarı olan abunəçilərə Mobil Müştəri Xidmətləri tərəfindən təmənnasız xidmət təqdim olunub.
Azercell-in «Kabinetim» tətbiqi isə müştərilərin razılığı və şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.
Bunun nəticəsidir ki, pandemiya şəraitində belə, biz müştəri bazamızı genişləndirərək, may ayında 5 milyonuncu abunəçimizi qarşıladıq.
Ümumiyyətlə, ötən il həm rəqəmsallaşma strategiyamıza uyğun, həm də korporativ məsuliyyət strategiyamız çərçivəsində bir çox yeniliklər və layihələr reallaşdırdıq ki, ili pandemiya şəraitində keçirdiyimizə baxmayaraq beynəlxalq mükafatlara da layiq görüldük.
16. Mən Azercell-in «İlin Telekommunikasiya Şirkəti» elan edildiyini və «QadınDediyin» layihəsini xatırlayıram. Təkcə qadınlar deyil, bütün cəmiyyət üçün maraqlı layihə idi...
Səylərimizin dünya miqyasında qiymətləndirildiyini və «STEVIE 2020» Beynəlxalq Biznes Mükafatı tərəfindən yüzlərlə şirkət arasında «İlin Telekommunikasiya Şirkəti» seçildiyimizi görmək bizə xüsusi stimul verir. Eyni zamanda, biz «İlin ən innovativ şirkəti» və «Ən dəyərli korporativ məsuliyyətli şirkət» nominasiyaları üzrə bürünc mükafata da layiq görülmüşük.
«Qadın Dediyin» sosial layihəmizə gəldikdə isə, bu təşəbbüs cəmiyyətdə qadınlar barədə mövcud olan stereotiplərə və davranışı ilə bu stereotipləri qıran əzmkar xanımlara həsr olunmuşdu və geniş əks-səda yaratdı. Bu layihə Orta Asiyanın «Red Jolbors» festivalında «Ən yaxşı KSM layihələri» nominasiyasında gümüş, «Ən yaxşı rəqəmsal kampaniya” nominasiyası üzrə isə bürünc mükafat qazanıb.
Bunlardan əlavə, Azercell ölkəmizdə ISO 37001:2016 «Antikorrupsiya idarəetmə sistemi» standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator oldu. Həmçinin ötən il Keyfiyyətin İdarə Olunması və Müştəri Məmnuniyyətinin Yüksəldilməsi üzrə növbəti uğura imza ataraq şirkətimiz ISO 10002:2018 beynəlxalq sertifikatını da qazandı.
17. Vahid müəllim, Bakı əhalisinin bir hissəsini narahat edən bir vacib məsələni sizinlə dəqiqləşdirmək istəyirəm. Mobil şəbəkənin genişlənməsi yeni ötürücü stansiyalar, güclü siqnallar və şüalanma deməkdir. Azercell-in ötürücü stansiyaları insan sağlamlığı üçün nə qədər təhlükəlidir?
- Əslində radiodalğaların insan sağlamlığına təsiri uzun illərdir ki, beynəlxalq müstəvidə araşdırılır. Hər birimiz bilirik ki, radio dalğalardan yalnız mobil rabitəni təmin etmək üçün deyil, televiziya və radio siqnallarını ötürmək, eləcə də müxtəlif məqsədlərlə sənaye və ya tibbdə istifadə edilir. Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı tərəfindən rəsmi olaraq tanınmış müstəqil “İonlaşdırmayan Şüalanmadan Mühafizə üzrə Beynəlxalq Komissiya”nın (ICNIRP) nəşr etdiyi prinsiplərə əsasən, radio-baza stansiyaların və simsiz şəbəkələrin ötürdüyü radiodalğa siqnallarının təsir səviyyələri o dərəcədə aşağıdır ki, onlar insan sağlamlığına mənfi təsir etmir.
Bu gün simsiz rabitə xidmətlərinə, rəqəmsal kontentə tələbat olduqca böyükdür. Dediyim kimi, mobil rabitənin məqsədi və rolu, eləcə də, abunəçilərimizin istəkləri və zamanın tələbləri davamlı olaraq dəyişir və bizi yeni texniki çağırışlarla üzləşdirir. Biz bu tələblərə çevik reaksiya verməliyik. Mövcud müştərilərin saxlanılması və şirkətə yeni müştərilərin cəlb edilməsi yeni texnologiyalar, yeni interfeyslər, yeni rabitə növləri və yeni məzmun tələb edir.
Biz öz növbəmizdə, quraşdırdığımız bütün radio-baza stansiyalar ilə əlaqədar normativ tələb və şərtlərə riayət edir, müvafiq avadanlıqlarımızı yalnız tanınmış, dünyada böyük inam və etibar qazanmış Ericsson və Nokia kimi şirkətlərdən alırıq. Bu avadanlıqların fəaliyyət gücü yol verilən həddən xeyli az olduğundan, əhalinin sağlamlığının qorunması məqsədilə tətbiq edilən sanitar zonanın yaradılmasına belə ehtiyac olmur. Buna baxmayaraq, bizim sifarişimiz əsasında hər bir radio-baza stansiyamızın yerləşdiyi ərazidə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən müvafiq ölçmələr aparılır və sanitariya-epidemioloji rəylər alınır. Nəticələr isə həmişə ürəkaçan olur. Belə ki, elektromaqnit enerji seli sıxlığının yol verilən normativ həddi 10 mkv/ sm² olduğu halda, bizim stansiyalarda bu göstərici bir qayda olaraq 0.5 mkv/sm²-dən çox olmur. Bu isə normalardan ən azı 20 dəfə aşağı göstərici deməkdir.
18. 2020-ci il, həm də bütün ölkə üçün sosial məsuliyyət dövrü oldu. Əvvəl koronavirusla mübarizə, daha sonra isə Qarabağ müharibəsinə həsr olunmuş maraqlı təşəbbüslər ortaya çıxdı. Azercell bu sahədə hansı yenilikləri edib?
- Bir azərbaycanlı olaraq, böyük qürur və fəxr hissi ilə vurğulamaq istərdim ki, müstəqillik tariximizdə yaşadığımız ən gərgin və həlledici dövrdə xalqımız bütün dünyanı öz həmrəyliyi ilə valeh etməyi bacardı. Dövlətimizin ordumuza olan qayğısı hamımıza məlum olsa da, hər kəs bu işə öz töhfəsini vermək istədi. Azercell olaraq biz də döyüşlər başlayan ilk gündən etibarən xalqımızın və dövlətimizin yanında olduq. Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vasait ianə etməklə yanaşı, cəbhədəki hərbi jurnalistlərə, düşmən raketlərinin qurbanına çevrilmiş Gəncə və Bərdə sakinlərinə dərhal rabitə dəstəyi göstərildi.
Vətən müharibəsi şəhidlərinin, eləcə də yaralı əsgər və hərbçilərimizin nömrələrində olan borclar silindi, hərbi çağırışda olanlara tərxis olunanadək möhlət verildi.
Qanı ilə tarix yazan şəhidlərimizin ailələri bizlərə əmanətdir. Hazırda sosial təşəbbüslər reallaşdıraraq şəhid və qazi ailələrinə dəstək olmağa çalışırıq. Şirkətimiz fəalliyət dövrü ərzində onlara müxtəlif sosial müavinət və təhsil təqaüdləri ayırıb.
Mən xeyirxah təşəbbüslər reallaşdıran Azercell Könüllülərinin də əməyini qeyd etmək istərdim. Əməkdaşlarımız cəbhəyanı bölgələrə dəfələrlə əsgər payı göndərməklə yanaşı, əsgərlərimizin müraciətlərinə əsasən onların ailələri ilə sıx əlaqədə olub, dəstəklərini əsirgəmədilər. Yeni il ərəfəsində şəhid və qazilərimizin, müharibədən əziyyət çəkən ailələrin övladlarına, SOS Uşaq Kəndində məskunlaşan uşaqların hər birinə, ümumilikdə 500 uşağa xüsusi hədiyyələr çatdırdılar.
Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, cari ilin fevral ayında Tələbə Təqaüdü proqramının qaliblərini də açıqladıq. Ordumuza ehtiram ifadəsi olaraq bu il təqaüdçülərimizi Qarabağda şanlı bayrağımızı ucaldan igidlərimizin sırasından seçməyi qərara aldıq və 23 tələbəyə təqaüd ayırdıq.
19. Bəs koronavirusla bağlı yaranan çətinliklər zamanı Azercell əhaliyə hansı dəstəyi göstərmişdi?
- Əslində biz sosial məsuliyyət – əhaliyə dəstək tədbirlərinə ilin əvvəlindən, koronavirusun yayılması ilə başlamışdıq. Şirkətimiz sərt karantin günlərində aztəminatlı ailələrə ərzaq dəstəyi verirdi. Novruz və Ramazan bayramlarında, eləcə də 28 May – Respublika günü müsabibətilə 11 000-dən çox aztəminatlı ailəyə bayram sovqatı paylanıldı.
Azercell olaraq cənab Prezidentin çağırışına ilk qoşulan şirkətlərdən biri kimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə etdik. Daha sonra yollar bağlandığına görə xaricdən ölkəyə qayıda bilməyən vətəndaşlarımıza dərhal rabitə dəstəyi göstərildi.
Koronavirusla mübarizə aparan tibb işçiləri də, həmçinin il boyu rabitə dəstəyi ilə təmin olundu. İcbari Tibbi Sığorta Agentliyinin "Qaynar xətt"inə (1542) zəngləri ödənişsiz etdik.
Həmişə olduğu kimi pandemiya dövründə də təhsilə xüsusi diqqət yetirildi.«Virtual məktəb» portalında qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 30 minədək müəllimin iki ay ərzində internet ehtiyaclarını qarşıladıq. Həmçinin Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək «Microsoft Teams» platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri «Təhsil» internet paketi ilə təmin etdik və bu platformadan eksklüziv şərtlərlə yararlanmaq imkanı verdik.
20. Koronavirusla bağlı qeyri-müəyyənliyin hələ də davam etdiyi 2021-ci illə bağlı Azercell-in planları necədir?
- 2020-ci il çağırışlarla dolu bir il oldu. 2021-ci ilin həyatımıza hansı yenilikləri gətirəcəyi isə hələ də qeyri-müəyyəndir.
Ölkənin lider mobil operatoru olaraq bir il əvvəl başladığımız rəqəmsallaşma siyasətimizi davam etdiririk. Məqsədimiz müasir texnologiyaların və biznes həllərin köməyi ilə müştərilərimizin həyatını asanlaşdırmaqdır.
Bunun üçün biz mobil interneti təmin edən məhsullara sərmayə qoyur, tərəfdaşlarımızla birlikdə Əşyaların İnterneti (IoT) və Big Data sahəsində yeni məhsullar hazırlayırıq. Azercell olaraq daim özümüzü inkişaf etdirməyə inanmışıq, buna görə də həmişə ölkəyə ən qabaqcıl təcrübələri və innovativ xidmətləri gətirmək üçün var gücümüzlə çalışırıq. İnanıram ki, dövlətin də dəstəyi ilə buna nail olacağıq.