Fəaliyyət illəri ərzində KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin, rəqəmsal ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən ölkənin lider mobil operatoru Azercell Telekom, jurnalistlər üçün növbəti ingilis dili kurslarını təşkil edir.
2020-ci ilin əvvəlində start veriləcək kurslar çap, elektron və teleradio kütləvi ınformasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün açıqdır. Kurslarda iştirak etmək üçün jurnalistikada ən azı bir il iş təcrübəsinə malik olan şəxslər KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 15 yanvar 2020-ci il tarixinə qədər azercell.press@azmemo.info elektron ünvanı vasitəsilə şirkətə təqdim etməlidirlər. Dərslər ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən əyani şəkildə həftədə 2 dəfə keçiriləcək. 6 ay davam edəcək dərslərdə media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq.
Qeyd edək ki, Azercell 10 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnlaistləri tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnlalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur.