baki-yarisina-geri-sayim-formula-1-azerbaycan-qran-prisini-azarkeslerin-sevimlisine-ceviren-7-sebeb

Bakı yarışına geri sayım: Formula 1 Azərbaycan Qran Prisini azarkeşlərin sevimlisinə çevirən 7 səbəb

Sirr deyil ki, 2016-cı ildən bəri Formula 1 təqvimində yer alan Bakı Şəhər Halqası gözlənilməz nəticələri və yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib. İstər yaxın finişlər, sürpriz podiumlar, və ya trekdə baş verən insidentlər, istərsə də Bakı trekində təkrar qalibin olmaması ilə Azərbaycan Qran Prisi F1 tarixinə şübhəsiz ki, öz damğasını qoymuşdur.

Sebastyan Fettelin təhlükəsizlik maşınının arxasında Lyuis Hemilton ilə toqquşmasını kim unuda bilər? Bəs iki Red Bull sürücüsünün 2018-ci ildə bir-birini yarışdan kənara qoyması necə? Və ya 2021-ci ildə Hemiltonun iki dövrəli restartda ona mövsümün sonunda baha başa gələn səhvi?

Paytaxtımızın artıq yeddinci dəfə Formula 1 yarışına ev sahibliyi etməyinə bir ay qalmış bu yarışı təqvimin digər yarışlarından fərqləndirən cəhətlərinə nəzər saldıq və Azərbaycan Qran Prisinin Formula 1 azarkeşləri arasında bu qədər populyar olmasının yeddi əsas səbəbini tapdıq.

 

1. Gözlənilməz yarışlar

Azərbaycan Qran Prisi ilin ən dramatik və gözlənilməz Formula 1 yarışlarından biri kimi tanınır. Bakı Şəhər Halqasında indiyədək keçirilən 6 yarışda təkrar qalib olmayıb, altı fərqli pilot podiumun ən yüksək pilləsində yer alıb.

Paytaxtın küçələri 2016-cı ildən bəri 306 yarış dövrəsi boyu çoxlu hadisələrə şahid olub. Dramatik hadisələr, trekdə qəzalar, partlayan təkərlər və hətta bəzən aqressiya ilə müşahidə olunan qalibiyyət və məğlubiyyətlər Bakı üçün xarakterikdir. 2017-ci ildə liderlik uğrunda mübarizə apararkən Sebastyan Fettelin Lyuis Həmilton ilə toqquşduğu anı bu aqressiyanın təzahürü kimi görə bilərik.

Fettel təhlükəsizlik maşınının arxasında olarkən 15-ci döngənin çıxışında Hemiltonun Mersedesinin arxasına çırpılır. Hemiltonun qəsdən əyləci sınaqdan keçirdiyini düşünən Fettel bu gərgin anda hadisəni daha da pisləşdirir: Ferrarisini britaniyalı sürücünün yanına çəkib onunla yenidən toqquşur. Son zamanların ən qəribə hadisələrindən biri olan bu insident Bakıda baş vermişdi. Fettelə bu hərəkətinə görə on saniyəlik cəza verildi ki, bu da onun yarışda birinciliyi əldən verməsinə gətirib çıxardı.   

Bir il sonra Red Bullun iki pilotu Maks Verstappen və Daniel Rikkardo bir-birini yarışdan kənarlaşdırdığı hadisəsi daha dramatik oldu. Valtteri Bottasın liderliyi ələ aldığı vaxtda damalı bayrağa cəmi üç dövrə qalmış təkərinin partlaması isə daha bir dramatik səhnə olaraq yaddaşlarda qaldı.

2021-ci ildə isə finişə yaxın təkəri partladığı üçün liderliyi itirən Ferstappen oldu. Növbəti qırmızı bayraqdan sonra, restartda F1 azarkeşləri yarışın sonuna yalnız iki dövrənin vurulmasına şahidlik edəcəkdilər. Liderliyə yiyələnmək istəyən Hemiltonun birinci döngədəki səhvi nəticəsində bundan əvvəl keçirdiyi 57 yarış ilk dəfə idi ki, heç bir xal qazana bilmədi və yarışdan kənarda qaldı. Məhz bütün bunlara görə Bakıda həmişə gözlənilməzə hazır olmaq lazımdır!

 

2. Yüksək sürət!

Azərbaycan Qran Prisində tamaşaçıların daima belə maraqlı yarışlara şahid olmasının səbəblərindən biri də Bakı Şəhər Halqasının quruluşudur. Spa, Ciddə və Las-Veqasdan sonra Bakı Formula 1 təqvimində 6,003 km (3,730 mil) uzunluğu ilə dördüncü ən uzun trekdir. Pilotlar üçün trek əyləncəsinin bir hissəsi Formula 1 avtomobillərinin burada, xüsusən də Xəzər dənizinə paralel uzanan 2,2 km (1,4 mil) düzlük boyunca çatdıqları yüksək sürətin payına düşür.

16-cı döngədə soldan 20-ci döngəyə qədər və start/finiş xəttinə qədər bu, avtomobilləri maksimum sürətə çatdıran Müqavimət gücünün azaldılması sistemi (DRS) zonasına malik bir sürət düzlüyüdür. Trekdə 378 km/saat (235 mil/saat) kimi yüksək sürət qeydə alınmışdır ki, bu da 1-ci döngədə əyləc zonasında bəzi gərgin ötmələrə imkan vermişdir.

8-10-cu döngələrin ardıcıllığı bütün F1 təqvimindəki treklər arasında ən dar hissə hesab olunan qədim Qala Qapısı boyunca keçən döngədir. Ən sıx hissədəki en cəmi 7,6 metrdir ki, burada pilotlar asanlıqla səhvə yol verə bilir. Buradakı ani bir səhv nəticəsində pilotlar divara çırpıla bilərlər. 2021-ci Bakı yarışında pilot səhvləri sayəsində yalnız sıralanma turunda dörd qırmızı bayraq dalğalanmışdı.

 

3. Möhtəşəm mənzərə

Xəzər dənizi sahilində yerləşən Azərbaycanın paytaxtı Formula 1 yarışlarına ev sahibliyi etmək üçün mükəmməl yerdir.

2016-cı ildən bəri burada keçirilən altı yarışda, dənizdən təbii müdafiənin olmaması səbəbindən şəhər güclü küləkləri ilə tanınsa da, mülayim hava şərait hökm sürdüyü üçün heç bir yarışda yağış müşahidə olunmamışdır.

 

Paytaxtımız Heydər Əliyev Mərkəzi muzeyi, Dənizkənarı Milli Park, Yanar Dağ, Odlar Yurdu şüarının simvolu olan Alov Qüllələri kimi abidələr sayəsində müasir arxitekturaya malik canlı, kosmopolit şəhərdir. 

İçərişəhərdə isə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi abidələr, o cümlədən Şirvanşahlar Sarayı və Bakının simvollarından sayılan Qız Qalası yerləşir. Formula 1 pit yolu və paddok binaları isə Azadlıq meydanında Hökumət Evinin yanında yerləşərək özünəməxsus mənzərəsi ilə seçilir.

Azərbaycan Qran Prisi Bakının zəngin idman irsinin illik əlamətdar hadisəsidir. Paytaxt UEFA Avro 2020 futbol turnirinə ev sahibliyi etmiş şəhərdir və bir çox beynəlxalq tədbirlərlə yanaşı, 2019 UEFA Avropa Liqasının finalını da təşkil edib. 

Formula 1 yarışı şəhərimizdə hər il yüksək qonaqpərvərliklə qarşılanır və xaricdən ölkəmizə səyahət edən azarkeşlər Azərbaycan paytaxtının mətbəxi və mədəniyyəti ilə yaxından tanış olmaq şansı əldə edirlər. Bu il şənbə günü Sprint yarışına ev sahibliyi edəcək altı yarışdan biri kimi seçilən Bakıda daha böyük həyəcanla dolu həftə sonu gözlənilir. Bu yarışın nəticəsi bazar günü, aprelin 30-da keçiriləcək əsas yarışın sıralanmasını müəyyənləşdirəcək.

 

4. Yaxın finişlər

Bakıda keçirilmiş altı yarışdan dördündə qalibi ikinci yerdən ayıran sadəcə bir neçə saniyə olub. Ən yaxın qalibiyyət isə 2021-ci il Azərbaycan Qran Prisində qeydə alınmışdı - Serxio Peresin Red Bullu ilə Ferrarinin pilotu Sebastyan Fetteli yalnız 1,385 saniyə ayırırdı. Ondan əvvəlki yarışda isə buna yaxın nəticə ilə Valtteri Bottası komanda yoldaşı Lyuis Hemiltondan 1,524 saniyə ayırmışdı.

Lakin bunların heç biri 2017-ci ildə Bottasın Lans Strollu ötərək finiş xəttində Vilyams komandasının pilotunu keçdiyi o dramatik anla müqayisə oluna bilməz. Stroll cəmi 0,105 saniyə fərqi ilə üçüncü yerə düşmüşdü. Bu, kanadalının indiyə qədər karyerası boyu qazandığı üç podiumdan birincisi idi - və bu, onun indiyədək Formula 1-də qazandığı ən yüksək finişi hesab olunur.

Bundan əlavə, 13-cü yer uğrunda mübarizədə Haas komandasından Mik Şumaxer 2021-ci il yarışında komanda yoldaşı Nikita Mazepini cəmi 0,074 saniyə fərqi ilə məğlub etmişdi.

Bakı yarışı komanda yoldaşları arasında həmişə gərgin anlar yaradır. 2018-ci ildə bir-birini yarışdan çıxaran iki Red Bull pilotu ilə yanaşı Force İndia (indiki Aston Martin) pilotları 2017-ci ildə ikinci döngədə burada təmas edib toqquşmuşdular. Esteban Okon dördüncü yer uğrunda mübarizə apararkən Serxio Peresin bolidi ilə təmas etdikdən sonra yarışın son sıralarında qərarlaşmışdı.

 

5. Möhtəşəm ötmələr

Bakı Şəhər Halqasında rəqib sürücünü təmassız və qəzasız şəkildə uğurla ötmək çətin məsələdir. 2018-ci ildə Rikkardo və Ferstappenin gərgin mübarizəsi zamanı azarkeşlər döngələr boyu möhtəşəm ötmələrə şahid olmuşdular. Bakıdakı “ötmə incəsənəti” hansı döngədə olmağından asılı olmayaraq bu yarışı möhtəşəm edən amillərdəndir.

Bəlkə də burada baş verən ən yaddaqalan ötmə hərəkəti Rikkardonun birinci döngədə əyləcə basaraq əsas sürət düzlüyü boyunca inanılmaz şəkildə üç bolidi ötməsi olmuşdu. 2017-ci ildə yarışın yenidən başlamasından sonra onun “Renault” komandasından Niko Hülkenberqi və hər iki Vilyams pilotu Felipe Massa və Lans Strollu ötərək 6-cı yerdən 3-cü pilləyə qalxması həqiqətən inanılmaz idi.

https://d2xpg1khvwxlf1.cloudfront.net/production/images/original/30994-_31I3244-d0d1cb51c7d9cc0bf27d5c80fc3e5cd2.jpg

Məhz bu ötmə hərəkəti yarışda 17-ci (altıncı dövrədə) pillədə olan avstraliyalı pilota əfsanəvi qələbə qazandırmışdı. Onun yarışın arxa cərgəsindən ön cərgələrə yüksələ bilməsi bir daha onu sübut edir ki, Bakı trekində ötmə artıq qeyri adi hal deyil.

Bu yarışda cəmi qeydə alınmış ötmə hərəkətinin sayı 42 olmuşdur, Bakıdakı ilk yarışda (2016) qeydə alınan ötmə sayı isə daha çox - 62 olmuşdur.  2016-cı ildən bəri ümumilikdə 247 ötmə qeydə alınmışdır ki, bu da hər yarışda orta hesabla 40-dan çox ötmə deməkdir: və bu da Bakı yarışının F1 azarkeşləri arasında rəğbətini daha da artırmağa imkan vermişdir.

 

6. Qeyri-adi və əyləncəli hadisələr

https://d2n9h2wits23hf.cloudfront.net/image/v1/static/6057949432001/6be93835-9e50-444f-b34e-27c51e04456d/1b1a4e9c-d936-4154-bd88-d7d69f3393e0/658x370/match/image.jpg

Son altı yarışda qalib gəlmiş altı fərqli pilot eyni zamanda yarışın ən sürətli dövrəsinə imza atıb. İndiyədək Bakıda azarkeşlər bir çox hadisələrə - trek insidentlərinə, təkər partlamalarına, çoxsaylı qırmızı bayraqlara və təhlükəsizlik maşınlarına şahid olublar. Bundan əlavə, yarışlardan yalnız birində hər dövrəyə liderlik edən bir lider pilot olub. Orta hesabla, hər il keçirilən Azərbaycan Qran Prisində yarış boyu ilk üç pilot liderlik üzrə mübarizəyə qoşulub. Daha gərgin liderlik mübarizəsi ilə yadda qalan 2021-ci il yarışında isə bu rəqəm beşə yüksəlmişdi. 

Trekdə baş verən bu hadisələrdən əlavə, qəribə və bəzən komik hadisələr də müşahidə olunub. Diqqəti çəkən məqamlardan biri 2018-ci ildə Roman Qrojanın aşağı sürətlə hərəkət edərkən qəflətən təhlükəsizlik maşınının arxasına çırpılması olmuşdu. Qəribəsi odur ki, onun yarış mühəndisi bu hadisədə həmin anda trekdə onun yanında belə olmayan Markus Erikssonu günahlandırırdı..

Qrojanın Haas qarajına gələrək əlcəklərini qarşıdakı mexanikin gözləmədiyi anda ona fırlatması anını televiziyalar azarkeşlərin yaddaşına həmişəlik həkk etmişdi.

Başqa bir maraqlı hadisə 2019-cu ildə baş vermişdi. Avstraliyali pilot Daniel Rikkardo rusiyalı Daniil Kvyatı ötməyə cəhd edərkən hər ikisi əyləcə basaraq 3-cü döngədəki boşluq sahəyə çıxmış, yarışdan kənarda qalmışdılar. Yarışa geri qayıtmağa çalışan Rikkardo daha sonra maşını geriyə sürərək Kvyatla toqquşmuşdu. Sözün əsl mənasında bir tərəfdən komik, digər tərəfdən isə pilotlar üçün kritik anlar yaşanmışdı!

 

7. Sürpriz podiumlar

Şəhər halqalarında yüksək nəticə göstərən Formula 1 pilotlarının sayı çox deyil. Bu baxımdan karyerası boyu  şəhər yarışlarını uğurla başa vurmuş Serxio Peres fərqlənə bilmişdir. O, ilk şəhər yarışı qələbəsini 2021-ci ildə Bakıda qazanmışdı. Bundan sonra isə Monako və Sinqapur kimi şəhər yarışlarında qazandığı qələbələr ilə F1 portfoliosunu zənginləşdirməyə nail olmuşdu.

Meksikalı pilot 2021-ci ildən əvvəl də Bakı trekində həmişə yaxşı nəticələr göstərib. 2016-cı ilin ilk Bakı yarışında (Avropa Qran Prisi) o, “Force India” komandasının tərkibində ilk sıralara çıxa bilmişdi.

Təəssüf ki, o, son sərbəst yürüşdə bolidini zədələdikdən sonra sürətlər qutusunu dəyişməli olduğuna görə beş sıralıq cərimə almışdı. Lakin bu, onun yarışda irəliləməsinə mane olmamışdı və podiumda üçüncü yerdə qərarlaşmışdı.

O, saniyənin onda biri fərqi ilə yarışda üçüncü yerə çıxsa da, Lans Strollun Bakıda Vilyams komandasındakı podiumu daha bir sevindirici hadisə kimi yadda qalmışdı. Bu, komandanın həmin il ərzində top üçlükdə qazandığı ilk podium idi və o vaxtdan bəri komanda yalnız bir dəfə belə nəticəyə layiq görülmüşdü.

Bakıda daha bir sürpriz podium isə fransalı Pyer Qasliyə nəsib olmuşdu. Qasli 2021-ci il Azərbaycan Qran Prisində sıralanma turunu dördüncü yerdə başa vurmuş və yarışda üçüncü yerdə qərarlaşmışdı. Bu, 2006-cı ildən bəri italiyalı Toro Rosso/AlphaTauri komandasının tarixi boyu çıxdığı dördüncü podiumu idi.

Əminik ki, bu məqaləni oxuyan hər kəsi belə bir sual düşündürəcək: bəs bu il Bakıda Formula 1 azarkeşlərini hansı sürprizlər gözləyir? 2023 Formula 1 Azərbaycan Qran Prisinin şüarı olan “Gözlənilməzə hazır olun” ifadəsi builki yarışda sürətsevərlərin gözlənilməz hadisələrin, həyəcanlı anların və maksimum sürətin şahidi olacağına işarə edir.

Bunun yeganə yolu isə yarışı birbaşa izləməkdir. Odur ki, Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək istəyən hər kəsi bilet almağa səsləyirik. Və unutmayın: Bakıda gözlənilməzə hazır olun!