bakida-heyder-eliyevin-100-illik-yubileyine-hesr-olunmus-konfrans-kecirilib-yenilenib-foto

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - YENİLƏNİB + FOTO

Bu gün Bakıda Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda konfrans keçirilib.

Toplantıda Baş nazir Əli Əsədov, hökumət nümayəndələri və deputatlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş Nazir Əli Əsədov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu,  Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur: "Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Azərbaycanın müasir tarixi dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli siyasi lider və şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır. Bugünkü Azərbaycanın inkişaf yolu ötən əsrin 70-ci illərindən, Heydər Əliyevin həm Azərbaycanda, həm də SSRİ-də rəhbər vəzifələr tutduğu dövrdən başlayır”.

Baş nazir xatırladıb ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsinə seçilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoyub: "Ulu Öndərin respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azərbaycan tarixinə irimiqyaslı quruculuq və dinamik inkişaf illəri kimi daxil olub. Heydər Əliyev sovet rejiminin bütün imkanlarından maksimum istifadə edərək Azərbaycanı keçmiş SSRİ miqyasında qabaqcıl respublikalar sırasına çıxarıb, mərkəzdən dotasiya almayan iki respublikadan birinə çevirib. 1969-1982-ci illərdə respublikada xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlayıb, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artıb".

Onun sözlərinə görə, Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək idi: “Bu məqsədlə yeni ali və orta ixtisas məktəbləri yaradılıb. Heydər Əliyevin təşəbbüsü ilə 70-80-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində 15 mindən çox azərbaycanlı gənc ən müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilib, bizim ali məktəblərdə mövcud olmayan 250-dən çox ixtisas üzrə kadrlar hazırlanıb. Kadr potensialının inkişaf etdirilməsi strategiyası çərçivəsində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi internat məktəbinin yaradılması Azərbaycanın gələcək zabitləri üçün ilk məktəb olmaqla Heydər Əliyevin dərindən düşünülmüş müdrik siyasətinin parlaq ifadəsi idi. Müstəqillik əldə etdikdən sonra milli ordu quruculuğunda yüksək təhsilli hərbçilərə böyük tələbat yarananda Heydər Əliyevin bu hərbi məktəbi yaratmaqda nə qədər uzaqgörənliyinin bir daha şahidi olduq".

Ə.Əsədov bildirib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir: "Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və “Böyük Qayıdış” proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir".

Daha sonra çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Ulu Öndərin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı: "Dünya birliyinin Azərbaycana münasibətdə mövqeyindəki təkamül ATƏT-in 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərində xüsusilə aydın şəkildə özünü göstərdi. Lissabon sammitində ilk dəfə olaraq, Ermənistan istisna olmaqla ATƏT-in bütün iştirakçı dövlətləri münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu sammit zamanı Ermənistan tarix boyu unutmayacağı təzyiqlərlə üzləşdi. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğuru idi. Beləliklə, Ulu Öndərin xarici dövlətlərə etdiyi çoxsaylı səfərlər, bu səfərlər çərçivəsində digər dövlətlərə ölkəmizin mövqeyi haqqında birinci şəxs tərəfindən məlumatın verilməsi, ölkəmizin üzləşdiyi informasiya blokadasının aradan qaldırılmasına gətirib çıxardı".

Nazir söyləyib ki, münaqişənin həlli ilə bağlı aparılan məqsədyönlü siyasət nəticəsində çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş mühüm qərar və  qətnamələrin mühüm əhəmiyyətə malik olduğu bəllidir. Bu sənədlər öz-özlüyündə münaqişənin həllində birbaşa açar rolunu oynamasalar da, onlar, birmənalı şəkildə münaqişənin həllinin möhkəm hüquqi bazasını təşkil edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı illər sonrakı, 2020-ci il 10 dekabr tarixli Zəfər paradında çıxışı bir daha beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərinin irəlilədilməsi istiqamətində aparılan işin əhəmiyyətini təsdiqləyirdi. Dövlət başçısı çıxışında qeyd etdiyi kimi, “Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi”.

C.Bayramov deyib ki, bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur və bərpa edir: "Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir. 30 ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həll olunması, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də mühüm rol oynayıb".

Digər çıxışçılar da Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Heydər Əliyevin 100 illiyinə həsr olunan "Mən Azərbaycana lazım idim" adlı film nümayiş etdirilib.

Bununla da tədbir çıxışlarla başa çatıb.

10:20

Bakıda “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfrans keçirilir.

“Report”un xəbərinə görə, toplantı Nazirlər Kabinetinin təşkilatçılığı ilə baş tutur.
Konfransda Baş nazir Əli Əsədov, hökumət nümayəndələri və deputatlar iştirak edirlər.