Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilati dəstəyi ilə Bakıda ilk dəfə dünyanın ən həyəcanverici drift seriyası olan “Red Bull Car Park Drift” çempionatı keçirilib. Dənizkənarı Milli Parkda, “Baku Crystal Hall” un parklanma ərazisində baş tutan tədbirdə Azərbaycanın ən güclü drifterləri bir araya gəlib.
"Sevindirici haldır ki, dünyaca məşhur bir yarışın keçirilməsi üçün məhz bizim ölkəni seçiblər. Azərbaycanda bu idman növünün inkişafı üçün Azərbaycan Avtomobil Federasiyası tərəfindən bir çox işlər görülür. Həmçinin, idmançılarımızın təcrübələrinin artırılması baxımından da təlimlər keçirilir. Ümid edirəm ki, gələcəkdə ölkəmiz Abdo Feqali kimi peşəkar avtoidmançılar yetişdirməklə dünya çempionatlarında fəxrlə təmsil olunacaq." -deyə yarışı canlı izləyən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə gənclər arasında idmanın bu sahəsinə böyük marağın olduğunu qeyd edib. Tədbir zamanı nazir Fərid Qayıbov paytaxtımızda qonaq olan dünyanın ən yaxşı driftçilərindən biri, livanlı Abdo Feqali ilə birlikdə drift edib. Qeyd edək ki, “Red Bull Car Park Drift” yarışının bugünkü iştirakçıları dünyaşöhrətli livanlı driftçidən ustad dərsləri almışlar. 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edən A.Feqalinin adı “Ginnesin Rekordlar Kitabı”na salınıb.
Özünəməxsus sərt qaydaları ilə zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı drift nümayiş etdirən 16 nəfər iştirakçı Milli Final mərhələsi uğrunda mübarizə aparıb. Onların arasında 20 nömrə altında yarışan avtomobilin sürücüsü Adil Axundov maksimum 300 xalını qazanaraq Milli Final mərhələsinin qalibi seçilib. Həmyerlimiz bu ilin sonunda Səudiyyə Ərəbistanında keçiriləcək, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında ölkəmizi təmsil edəcək. Həmçinin, 2-ci və 3-cü yerlərə Rauf Dadaşzadə və Pərviz Azizov layiq görülüb. İştirakçılar yalnız driftinq bacarıqları ilə deyil, maşınlarının görünüşü, səsi və təkərlərindən çıxan tüstünün həcminə əsasən də mükafatlandırılıblar. Yarışı qiymətləndirmək üçün Azərbaycana səfər edən beynəlxalq münsiflər heyətinin tərkibində Bakı Şəhər Halqası nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun hakimi təmsil olunub.
Tədbir çərçivəsində avtoidmanın gənc həvəskarları simulyasiya oyunlarına da qatılaraq, Formula 1 həyəcanını təkrar yaşamaqla özlərini virtual Bakı trekində sınaya biliblər.