bakida-suni-intellekt-ve-insan-huquqlari-movzusunda-beynelxalq-konfrans-kecirilib

Bakıda “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycanın məhkəmə-hüquq sistemində ən müasir texnologiyaların tətbiqi sahəsində əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Ölkəmizin ədliyyə sahəsindəki nailiyyətlərini dünya ölkələri ilə paylaşmaq, həmçinin məhkəmə-hüquq sistemindəki yeniliklərlə bağlı beynəlxalq təcrübə ilə daha yaxından tanış olmaq məqsədilə noyabrın 15-də Bakıda “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfrans keçirilib. 

İnsider.az xəbər verir ki, I vitse-prezidentin köməkçisi Gündüz Kərimovun giriş sözü ilə açılan konfransda süni intellektin məhkəmə sistemləri və bu sistemlərlə bağlı, Avropa məhkəmə sistemlərində mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsindəki son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, ölkəmizdə rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb. 

Müzakirələrdə bir sıra rəsmi şəxslər, tanımış yerli və xarici ekspertlər, o cümlədən Milli Məclisin deputatı Aytən Mustafazadə, AŞ Bakı ofisinin rəhbəri Zoltan Hernyeş, CEPEJ prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov, Ədliyyə Akademiyasının rektor əvəzi, hüquq üzrə fəlsəfə doktoru Elçin Xələfov, CEPEJ-in “SATURN” mərkəzinin sədri Ciakomo Oberto, eləcə də CEPEJ-in  Avstriya, Litva Almaniya, Bosniya və Herseqovina, İsrail üzrə ekspertləri iştirak ediblər. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və genişləndirilməsi, məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi ilə bağlı ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü islahatlar davam edir. 

Bu islahatlar çərçivəsində görülən işlərin nəticəsi olaraq, hazırda ədliyyə sahəsində avtomatlaşdırılmış elektron sistemlərdən, süni intellektin müxtəlif elementlərindən uğurla istifadə olunur və bu texnologiyaların tətbiqi daha da genişləndirilir.
Konfransın sonunda Avropa Şurasının “Süni intellektin məhkəmə sistemləri və bu sistemlərlə bağlı münasibətlərdə süni intellektdən istifadəyə dair Avropa Etik Xartiyası”nın Azərbaycan dilində nəşrinin təqdimatı olub.