Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
İnsider.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanında dəyişiklik edilməsilə mümkün olub.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na dəyişiklik edilib.
XXX
“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na aşağıdakı məzmunda 16-1-ci hissə əlavə edilsin:
“16-1. Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti