İqlim cəhətdən həssas ölkələrin forumu (CVF) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) yaxşı nəticələr əldə etmək üçün hər cür səy göstərməyə hazırdır.
Bunu CVF-nin Baş katibi, Maldiv adalarının keçmiş prezidenti Mohamed Naşid deyib.
O, "Press Trust of India"ya müsahibəsində Bakıda COP29 ilə bağlı aparılan danışıqlar və Forumun müsbət nəticənin əldə edilməsində roluna dair nikbinliyini ifadə edib: “Biz Bakıda aparılacaq danışıqları səbirsizliklə gözləyirik. Hər kəsin öz rolu var, bizə daha çox səmimiyyət və yeni fikirlər lazımdır. CVF COP29-da yaxşı nəticə əldə etmək üçün əlindən gələni edəcək”.
Eyni zamanda, M.Naşid BMT-nin Bakıda keçiriləcək iqlim konfransında danışıqların “son dərəcə çətin” olacağına dair fikirlərini bildirib və iqlim dəyişikliyi ilə mübarizədə qlobal fəaliyyətin irəlilədilməsi üçün yeni maliyyə sazişinin əldə edilməsinin kritik əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, iqlimin maliyyələşdirilməsi yardım deyil, ilk növbədə məsuliyyətdir: “Biz trilyonlarla dollardan danışırıq, çünki iqlim dəyişikliyi ilə həqiqətən mübarizə aparmağın yeganə yolu bu vəziyyətdən çıxmaq üçün investisiya yatırmaqdır”.
CVF Baş katibi inkişaf banklarını həssas ölkələrdə kapitalın dəyərini azaltmaq üçün maliyyə alətlərinin tətbiqini əhəmiyyətli dərəcədə genişləndirməyə və bununla da iqlim dəyişikliyi ilə mübarizə ambisiyalarını artırmağa və həyata keçirməyə çağırıb.
M.Naşid bildirib ki, daha zəngin ölkələrin iqlim dəyişikliyinə verdikləri töhfələrə görə məsuliyyət daşıması prioritet olaraq qalır: “Bu ölkələrin müharibələri dəstəkləmək və geosiyasi məqsədlərə nail olmaq üçün qeyri-məhdud resurslara sahib olduqları görünür. Lakin iqlimin qorunmasına gəldikdə onlar ciddi büdcə məhdudiyyətləri olduğunu iddia edirlər”.
Qeyd edək ki, CVF iqlim dəyişikliyinə qarşı çox həssas, inkişaf etməkdə olan ölkələr qrupudur. O, 2009-cu ilin noyabrında Maldiv adalarının paytaxtı Male şəhərində yaradılıb. Hazırda foruma 1,74 milyard insanı təmsil edən 68 ölkə daxildir.
Report