bas-nazirin-muavini-maas-ve-pensiya-artimin-bazara-tesirini-qebul-etmek-lazimdir

Baş Nazirin müavini: Maaş və pensiya artımın bazara təsirini qəbul etmək lazımdır

"Bəzi hallarda süni şəkildə kimlərinsə müxtəlif yollardan və vasitələrdən istifadə edərək kənd təsərrüfatı məhsullarının qiymətini artırmaq səyləri var".

Insider.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, müəyyən halda bunlar qiymətlərin artmasına təsir göstərir: "Dövlət tərəfindən minimum əməkhaqqının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır. Bunsuz mümkün deyil. Digər tərəfdən isə dövlət sektorunda işləyən insanların maaşları artırsa, onda bazarda çalışan insanlar xidmətlər göstərməklə öz həyatlarını təmin edirlər. Onların həyatında da artım hiss olunsun deyə təbii olaraq xidmətlərin qiymətlərində müəyyən bir yüksəlmə hiss olunacaq".

Ə.Əhmədov bildirib ki, bunlar da ədalət prinsipi əsasında həyata keçirilməlidir: "Hökumətin bütün həyata keçirmək istədiyi səylər bu prinsiplər əsasındadır. Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsinə töhfəsini verir. Yəni qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir. Digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır. Bunun üzərində düşünülür. Eyni zamanda əhalinin müxtəlif kateqoriyalarının imkanlarına uyğun şəkildə xidmətlər göstərilməsi bütövlükdə müasir bazar iqtisadiyyatının ən vacib istiqamətlərindən biridir. Bunsuz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil”.

Baş nazirin müavini vurğulayıb ki, bu gün Azərbaycanda göstərilən xidmətlərin səviyyəsinə uyğun şəkildə yüksək qiymətə satılan kənd təsərrüfatı məhsulları da var: “Orta səviyyədə qiymətlərin də olduğu müşahidə olunur. Eyni zamanda daha ucuz qiymətə kənd təsərrüfatı məhsullarının satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə də hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsi üçün imkanların rəngarəngliyi təmin edilib”

©Report