Beynəlxalq avtomobil daşımalarında buraxılış vəsiqəsi olmayan daşıyıcılar aprelin 8-dən sonra beynəlxalq daşımalara buraxılmayacaq.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycan Prezidentinin 8 aprel 2022-ci il tarixli 149 nömrəli Fərmanı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib: "Ötən müddət ərzində 84 şirkət müraciət edib və sənədləri artıq baxılmaqdadır. Onların sənədləri buraxılış qaydalarının tələblərinə uyğundur. Digər şirkətlərin də müraciətlərinin sürətləndirməsi ilə bağlı görüş keçiririk".
A. Rzayev vurğulayıb ki, son dövr ərzində beynəlxalq daşımalarda ölkədə ciddi dəyişiklik var: "Şirkətlərin sayı 70-dən 216-ə qədər artıb. Nəqliyyat vasitələrinin sayı 3 mindən 8 minə yüksəlib. Bütün istiqamətlər üzrə milli daşıyıcıların bazar payı ciddi şəkildə artıb".
Report