birinci-rubde-ne-qeder-kibertehluke-askarlanib

Birinci rübdə nə qədər kibertəhlükə aşkarlanıb?

İnformasiya təhlükəsizliyinin təmini üzrə həllər istehsalçısı “Trend Micro” şirkəti 2019-cu ilin birinci rübü üçün kibertəhdidlərə həsr edilən hesabat dərc edib.

İnsider.az bildirir ki, hesabat dövründə şirkət tərəfindən 619 milyard sorğu emal edilib və təxminən 14 milyard təhlükə aşkarlanıb. Bunun 90,5 faizini elektron poçtla əlaqədar təhdidlər təşkil edir və onlar arasında “.EXE” və “.PDF” fayllarını üstələyərək birinci yer tutan “.XLS” genişlənməsinə malik zərərli fayl qoşmalarının sayında kəskin artım xüsusi qeyd olunur.

Bundan başqa, yanvar-martda “BEC” hücumları (işgüzar yazışmaların ələ keçirilməsi) populyar olaraq qalıb. Cinayətkarlar ilk növbədə sosial mühəndislik metodlarını tətbiq edərək özlərini rəhbər kimi qələmə verməyə çalışıblar (45,3 faiz). Bu tip hücumlar üçün ən populyar “hədəflər” maliyyə menecerləri (32 faiz) və maliyyə direktorları (9 faiz) olub.

Birinci rübdə aşkar edilən “Sıfır günü” (Zero Day) boşluqlarının sayında artım stabil davam edib. Bununla yanaşı, “SCADA” sistemlərində (dispetçer idarəetmə və məlumat toplama sistemləri) boşluqlar ümumilikdə azalsa da, onlar aşkar olunanların ümumi sayının üçdəbirini təşkil edib. Ən böyük istehsalçılar arasında daha çox boşluq “Microsoft”, “Foxit”, “Apple” və “Adobe” proqram təminatında aşkarlanıb.

Hesabat dövründə bankları hədəf seçən zərərli proqram təminatı sahəsində daha çox “Emotet”, “Ramnit” və “Trickbot” ailəsinə aid viruslar aşkarlanaraq bloklanıb.