Çinin “Huawei” telekommunikasiya şirkətinin əməkdaşları ölkənin Xalq-azadlıq ordusunun hərbçilərilə tədqiqat layihələri işlərində sıx əməkdaşlıq ediblər.
İnsider.az-ın məlumatına görə, bunu “Bloomberg” Çin araşdırma bazalarındakı elmi işlərə istinadla xəbər verir.
Müştərək işlər son 10 ildə ən azı on tədqiqat layihələri üzrə aparılıb. Bu layihələr süni intellekt və radioəlaqə kimi sahələri əhatə edir. Mərkəzi Hərbi Komissiya (Çinin Hərbi Qüvvələrinin ali orqanı) və “Huawei” xüsusilə video altındakı şərhlərdə emosiyaların çıxarılması və təsnifatlandırılması üzrə layihələr üzərində işləyiblər. Həmçinin Çin şirkəti Milli Müdafiə Texnologiyaları Universiteti ilə birgə peyk görüntülərinin və coğrafi xəritələrin yığım və təhlil üsullarını tədqiq edib.
“Huawei” nümayəndəsi Qlenn Şloss agentliklə söhbət zamanı şirkətin “əməkdaşları tərəfindən öz adından tədqiqatlar barədə məlumatları dərc etmələrinə dair məlumata sahib olmadığını” qeyd edib. O, həmçinin şirkətin hərbçilərlə, konkret olaraq, Xalq-azadlıq ordusu ilə bağlı strukturlarla əməkdaşlıq barədə məlumatları təkzib edib.
Qeyd edək ki, Çinin Müdafiə Nazirliyi məlumatla bağlı “Bloomberg”-in sorğusuna cavab verməyib.
Samirə Məmmədova