bugunku-dovrun-mentiqi-esasi-bunovresi-heyder-eliyevin-felsefesidir

Bugünkü dövrün məntiqi əsası, bünövrəsi Heydər Əliyevin fəlsəfəsidir 

Bu il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ilini qeyd edəcəyik. Hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı üçün Heydər Əliyev mirası dərindən öyrənmək, təhlil  etmək və gündəlik həyatında istifadə etmək üçün çox vacib və əhəmiyyətli bir xəzinədir. Niyə mən bunu dəyər və xəzinə misalında miras qalan bir fəlsəfə kimi qiymətləndirirəm? Çünki bu fəlsəfədə siz dövlətçilik, vətənpərvərlik, insansevərlik, millətçilik, parlamentarizm, demokratik inkişaf,  insan hüquqları üçün vacib olan məsələləri tapa bilərsiniz. Hesab edirəm ki, ümumi şəkildə azərbaycançılıq üçün bu fəlsəfənin, daxilində həddindən artıq dəyərli ideyalar və fikirlər mövcuddur. Təbii ki, biz bunu öyrənməli, qorumalı və gələcək nəsillərə ötürməliyik. 

Heydər Əliyev müstəqil Azərbaycanın siyasi rəhbərliyində 1993-2003 ilə qədər, yəni cəmi on il fəaliyyət göstərdi. Bu dövr  15 iyun 2003-cü ildən başlayaraq Azərbaycan tarixinin qızıl həriflərlə yazılmış səhifəsinə çevrildi. Hər il qeyd etdiyimiz 15 iyun Milli qurtuluş günü, yalnız Azərbaycanın siyasi qurtuluşunun tarixi deyil, bu tarix həm də Azərbaycanın xaosdan, ümumiyyətlə siyasi xəritədən silinmə təhlükəsindən faktiki xilas olduğu tarixdir. 

On il çox böyük bir müddətdə deyil, amma bu illər Heydər Əliyevin müstəqil Azərbaycana xidmət etməsi kvintessensiyasıdır. Bu kvintessensiya daxilinə onun  hələ sovet dönəmində Azərbaycana xidməti öz əksini tapmalıdır. Ona görə ki, həmin dövrdə inkişafda Sovet İttifaqına daxil olan ölkələrin bir çoxundan geridə qalmış Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev, öz fəaliyyəti nəticəsində Azərbaycanı İttifaq çərçivəsində sonuncu yerlərdən, ən yüksək pillələrə ucaltdı. 

Məhz o illərdə Azərbaycan üçün ən vacib məsələlərdən biri - dövlət dili məsələsi, yəni Azərbaycan dilinin dövlət dili kimi qəbul etdirilməsi idi. Həmin illərdə digər respublikalarda, müstəqillik ideyaları ilə çıxış edən insanların həbs edildiyi halda Azərbaycanda dissident hərəkatına, yəni müstəqillik haqqında düşünən insanlar həbs edilmirdi. Əksinə, Heydər Əliyevin fəaliyyəti, gələcəkdə Azərbaycanın müstəqilliyinə təkan və əsas yaradırdı. Bunun üçün  yüzlərlə misal çəkmək olar. Bu nöqteyi-nəzərdən çıxış edərək, bu məsələni çox vacib və əhəmiyyətli olduğunu hesab edirəm. O dövrlərdə Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri idi. Həmin insanlara hansı münasibətin göstərilməsi ondan asılı idi. Bu səbəbdən də 1993-2003-cü illər təhlil edildikdə, onun sovet dövründə gələcək müstəqil Azərbaycan üçün gördüyü işlər də mütləq şəkildə qeyd edilməlidir. 

Bu silsiləyə Azərbaycan tarixinin qanlı səhifəsi olan 1990-cı il 20 yanvar faciəsinin səhəri Heydər Əliyev ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvada Azərbaycan nümayəndəliyinə gedərək Azərbaycana qarşı sovet rejimi tərəfindən törədilən cinayətlə bağlı verdiyi bəyanat daxildir. Bu tarixi nöqteyi-nəzərdən Heydər Əliyev fəaliyyətinin tamamilə başqa dövrüdür. Amma mən, qazandığımız müstəqilliyi təmin edən amillərdən söhbət edirəm, bu amillərin sırasına məhz həmin illərdə görülən işlərin bəzilərini daxil etmək 

Bura Azərbaycana - həm də hələ Sovet İttifaqının tərkibində olan Azərbaycana, qarşı cinayət törədiləndə Heydər Əliyev oğlu ilə birlikdə bu cinayəti pisləyərək xalq ilə həmrəyliyini bildirməsi daxildir. Bu məsələlər  meydana çıxmasaydı, onun cəsarəti olmasaydı, 20 yanvar faciəsi, Azərbaycana qarşı törədilən cinayətlər haqqında dünyada bəlkə də indi tamamilə başqa bir fikir ola bilərdi. Amma belə bir şəxs, yəni Sovet İttifaqını idarə edən şəxslərdən biri, həmin ittifaqa daxil ölkəyə qarşı törədilən cinayətin iç üzünü açdı, mahiyyətini bütün dünyaya bildirdi. 

1993-2003 illər fəlsəfəsinə, o cümlədən də Naxçıvanda ilk Azərbaycan müstəqillik bayrağının yüksəlməsi daxildir. Bildiyiniz kimi bizim üçrəngli bayrağımız ilk dəfə orada yüksəldi, milli hərəkat başladı. Həmin illərdə Heydər Əliyevin həyatına bir neçə qəsd və təhlükənin olması göz qabağında idi. 
Həmin dövrə, Heydər Əliyev Azərbaycanda təəssüflər olsun artıq başlamış vətəndaş müharibəsinin qarşısını almasını da daxil etmək lazımdır. O, silahsız bir ağsaqqal, millətin nümayəndəsi, oğlu kimi əli silahlı  vətəndaş müharibəsini başlamış qüvvələrə qarşı çıxış etdi və qalib gəldi. Silahla deyil, məhz sözlə, məntiqlə, adət-ənənə ilə qalib gəldi. Nəhayət, 1993-2003 illərdə görülən və Azərbaycan dövlətçiliyini, Azərbaycan suverenliyini, Azərbaycanın inkişafını təmin edən işlər özü-özlüyündə Azərbaycan tarixinə qızıl həriflərlə yazılmışdı. 

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə  gəlməsi ilə atəşkəs öz həllini tapdı. Bununla da Azərbaycanın artıq dövlətçiliyini qurmaq üçün imkanlar yarandı, bir il sonra 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı, 1996-cı ildə Lissabon sammitində Azərbaycanın Dağlıq Qarabağ mövqeyi bir daha öz təsdiqini tapdı, həmin 1996-cı ildən Azərbaycanın Avropa Şurasına daxil olması ilə bağlı danışıqlar başladı. Həmin illərdə artıq BMT ATƏT-də və başqa beynəlxalq təşkilatlarda bayrağını yüksəldən Azərbaycan, bir neçə il sonra Avropa Şurasına daxil olaraq bayrağını yüksəldir. Elə həmin illərdə Azərbaycan Avropa İttifaqı ilə ilk müqaviləsini gündəmə gətirir və imzalayır. Bir məqama diqqət yetirin, biz  hələ Avropa Şurasına daxil olmamışdıq, amma Avropa İttifaqı ilə münasibətlər formalaşmağa başlamışdı. Bütün bunları nəzərə alaraq bir daha qeyd etmək lazımdır ki, Heydər Əliyevin  Müstəqil Azərbaycanın rəhbərliyində olduğu 1993-2003 illərə onun Azərbaycan üçün bütün həyatı boyu gördüyü fəaliyyət də daxil edilməlidir. 

Heydər Əliyevin fəaliyyəti, onun həyatının müstəqil Azərbaycanın siyasətinin formalaşmasına təsir edən əsas məqamlar nəzərə alınaraq təhlil edilməlidir. Onun həyatı, azərbaycançılıq ideyası, dövlətçiliyin yüksəlməsi, Azərbaycan dövlətinin formalaşması və 1993-2003 illərdəki fəaliyyəti, 2003-cü ildə xalq tərəfindən seçilərək hakimiyyətə gələn yeni prezidentin siyasətinin əsasını formalaşdırmışdı. Bu illər olmasaydı, Heydər Əliyevin bütün həyatı boyu siyasəti bu dövrdə öz əksini tapmasaydı, Azərbaycanın inkişafı əsla təmin olunmazdı. Azərbaycanın sovet dövründə neft-qaz potensialı yüksəlməsəydi,  Bakı-Tbilisi-Ceyhan reallaşa bilməzdi, Bakı-Tbilisi-Ceyhan olmasaydı Cənub qaz  dəhlizi TANAP, TAP mümkün olmazdı, Azərbaycan-Avropa istiqamətində əlaqələr inkişaf etdirilməsəydi, Bakı-Tbilisi-Qars dəmir yolu formalaşmazdı. Bu qəbildən olan misalları davam etmək olar. 

Bu gün 2011-ci ildən üzvü olduğumuz BMT-nin daxilində miqyasına görə ikinci siyasi təsisat olan Qoşulmama hərəkatına Azərbaycanın 2019-2022-ci illər ərzində sədrlik edəcəyini fəxrlə deyirik. Bununla yanaşı Azərbaycan BMT-nin təhlükəsizlik şurasına qeyri-daimi üzvü kimi seçildi. Bu da Azərbaycanın potensialının göstəricisidir. Məhz bu gün Azərbaycan Heydər Əliyevin, onun bizə miras qoyduğu dəyər və xəzinə əsasında dünyada nailiyyətlər əldə edib və bundan sonra da edəcək. Ona görə də bu nöqteyi-nəzərdən biz bugünkü dövr haqqında danışmırıq, bugünkü dövr göz qabağındadır. Amma bugünkü dövrün məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin tərkibində  axtarılmalıdır. 

AR Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, 
Azərbaycanın AŞPA nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, 
professor Səməd Seyidov