celsi-menniq-wikileaks-e-gore-tekrar-hebs-edildi

Çelsi Menniq “WikiLeaks”-ə görə təkrar həbs edildi

Mayın 9-u iki aylıq həbsdən sonra azad olmuş “Wikileaks” informatoru Çelsi Menninq məhkəmə qərarı ilə təkrar həbsxanaya yollanacaq.

İnsider.az bu barədə “NBC”-yə istinadla xəbər verir.

Həbsin səbəbi dəyişməz olaraq qalır – Menninq “WikiLeaks”-lə bağlı ifadə verməkdən imtina edir.

“Mən bu cəhətdən öz mövqeyimi dəyişməkdənsə, acından ölməyi üstün tutardım”, - deyə Menninq məhkəmə iclasında söyləyib.

Qeyd edək ki, mart ayında məhkəmə Menninqi  ifadə verməkdən imtina etdiyinə görə həbs etmişdi. 

İndi isə yeni həbsə əlavə olaraq aktivistə cərimə də tətbiq olunub – o, ilk 30 gün ərzində gündəlik 500 dollar, növbəti 60 gün ərzində isə min dollar ödəməlidir. Qərara əsasən, Menninq ifadə verməyə razılaşsa, həbs və cərimələr ləğv oluna bilər.

Məhkəmədə ittihamçılar izah ediblər ki, onlar üçün Menninqi ifadə verməyə məcbur edə biləcək yeganə alət həbsdir.

Xatırladaq ki, 2009-cu ildən Bredli Menninq (Bredli onun cinsini dəyişmədən öncəki adıdır) kəşfiyyat analitiki qismində ABŞ Hərbi Hava Qüvvələrində xidmət edirdi. Növbəti ildə isə “WikiLeaks” ondan əldən etmiş məxfi sənədləri dərc etdi. Bundan sonra informator saxlanıldı.

2013-cü ildə Menninqə məxfi hərbi və diplomatik sənədlərin ötürülməsinə görə 35 illik hökm oxundu. Həbsdə o, hormonal terapiyadan keçib cinsini və adını dəyişdiyini elan etdi. 2017-ci ildə isə Menninq həmin vaxt ABŞ prezidenti olmuş Barak Obamanın əfvi nəticəsində azadlığa çıxmışdı.

Samirə Məmmədova