cenubi-koreyada-5g-sebekelerinin-sureti-olculub

Cənubi Koreyada “5G” şəbəkələrinin sürəti ölçülüb

Cənubi Koreyanın paytaxtı Seulda və ölkənin digər altı böyük şəhərində beşinci nəsil mobil rabitə şəbəkələrində məlumatların orta yükləmə sürəti 656.6 Mbit/saniyə təşkil edir. Bu barədə Koreya Respublikasının Təhsil, Elm və Texnologiya Nazirliyinin məlumatında deyilir.

İnsider.az xəbər verir ki, məlumata görə, bu, ötən illə müqayisədə "4G LTE" şəbəkələrində orta sürətdən (158.53 Mbit/saniyə) təxminən dörd dəfə çoxdur. Şəbəkələrdə sürətin ölçülməsi bu ilin yanvar-iyununda aparılıb.

Ölkənin üç – "SK Telecom", "KT" və "LG Uplus" telekommunikasiya operatorunun şəbəkələrində məlumatların orta yükləmə sürəti müvafiq olaraq 789 Mbit/saniyə, 652 Mbit/saniyə və 528.6 Mbit/saniyə təşkil edib.
Hazırda Cənubi Koreyada 3,5 giqahers diapazonundan istifadə edən avtonom olmayan (NSA) "5G" şəbəkələri fəaliyyət göstərir. "NSA" şəbəkələri ölkə ərazisində ötən ilin aprelində işə salınıb.
Bu ilin sonunadək Cənubi Koreyada avtonom "5G" şəbəkələrinin millimetrlik diapazonda istifadəyə verilməsi planlaşdırılır.

Əhalinin sıx olduğu ərazilərdə, eləcə də nəqliyyat sistemlərində məlumatların orta yükləmə sürəti təxminən 654 Mbit/saniyə səviyyəsində olub, bu ərazilərdə orta məlumat ötürmə sürəti isə 63 Mbit/saniyəyə çatıb.
Hökumət tərəfindən ölçmə işlər mağaza, kitabxana, universitet, əyləncə parkı, xəstəxana, sərgi mərkəzi, metropoliten və terminallar kimi 11 min nəfərin olduğu yerlərdə aparılıb.

Nazirlik nümayəndələrinin sözlərinə görə, ölçmə işləri günün pik saatlarında həyata keçirilib.
Paytaxt Seulda ölkənin üç aparıcı telekommunikasiya şirkəti tərəfindən istifadəyə verilən "5G" şəbəkələrinin əhatə dairəsi iyulun sonuna 425.5 kvadrat kilometrə çatıb. Mahiyyət etibarilə siqnal meşə-park zonaları istisna olmaqla bütün Seulu əhatə edib (Cənubi Koreya paytaxtının ümumi sahəsi 605.2 kvadrat kilometr təşkil edir).

Nazirlik təmsilçiləri qeyd edib ki, telekommunikasiya şirkətləri tərəfindən "5G" texnologiyalarının inkişafına yatırılan aktiv investisiyalar sayəsində şəbəkələrin əhatə dairəsi və göstərilən xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Nazirlik telekommunikasiya şirkətlərinin bu ilin ikinci yarısında investisiyaları artıraraq şəbəkələrin gələcək fəaliyyətinin yaxşılaşdırılması üçün əsas yaradılacağına ümid edir.
ICTnews