2019-cu ilin noyabr ayının 1-də Siqulda şəhərində Latviya hakimlərinin Konqresi keçirildi. Latviya dövlətinin Prezidenti cənab Eqils Levits açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamladı və hakimlərə öz tövsiyələrini verdi.
Qeyd edək ki, CEPEJ tərəfindən Latviyanın məhkəmə sisteminin təkmilləşdirilməsi, bu sahədə elektron xidmətlərin yaradılması, vətəndaşların məhkəmələrə inamının artırılması, biznes mühitinin əlverişliyinin yüksəldilməsi üçün məhkəmələrin daha əlçatan və şəffaf olması, mediasiya və hüquqi yardım sahələrində islahatların aparılması istiqamətində 2017-2019-cu illərdə beynəlxalq ekspertlər cəlb olunaraq Avropa standartlarına cavab verən geniş islahatlar aparılmışdır. Həmin islahatların müsbət nəticələri nəzərə alınaraq CEPEJ-in rəhbəri Ramin Qurbanov ölkə başçısı tərəfindən qəbul olunmuş və ona görülmüş işlərə görə təşəkkür edilmişdir.
Bütün Latviya hakimlərinin iştirakı ilə hər il təntənəli keçirilən hakimlərin yiğincağında, həmçinin, Latviya Baş nazirinin müavini, Ədliyyə naziri Janis Bordans, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov və Latviya Ali Məhkəməsinin, habelə Məhkəmə Şurasının sədri İvars Biçkoviçs çıxış etmişlər. Sonradan iclasda ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyəti, hakim fəaliyyətinin qiymətləndirilməsi və intizam məsuliyyəti, onların təlimi və deontologiyası, vətəndaşların və sahibkarların ədliyyəyə əlçatımlığı məsələləri müzakirə olundu, habelə Latviya Məhkəmə Şurasına yeni üzvlərin seçkisi aparıldı.
Səfər zamanı CEPEJ-in Prezidenti həmyerlimiz Ramin Qurbanovun Latviya Ali Məhkəməsi və Məhkəmə Şurasının sədri ilə, habelə Latviya Ədliyyə naziri ilə 2020-2021-ci illərdə birgə həyata keçiriləcək yeni layihənin müzakirəsi üçün ikitərəfli görüşlər həyata keçirildi və onların iştirakı ilə yeni layihənin başlanmasına dair Latviya ictimaiyyətini məlumatlandırmaq məqsədilə geniş mətbuat konfransı təşkil olundu.