Dünya tarixində ilk dəfə olaraq iki nüfuzlu beynəlxalq təşkilatın - Beynəlxalq Hakimlər Assosiasiyasının 62-ci və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının 14-cü plenar iclasları Qazaxıstanın dəvəti ilə 15-17 sentyabr tarixlərində Nur-Sultan şəhərində keçirildi. Bununla yanaşı, həmin ərəfədə Avropa Hakimləri Assosiasiyasının da növbəti iclası təşkil olundu.
İclaslar zamanı üzv dövlətlərdə məhkəmə və hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyi və başqa aidiyyəti mövzular ətrafında geniş müzakirələr apardı və müxtəlif dövlətlərin məruzələri dinlənildi.
Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Tony Pagone (Avstraliya) və Avropa Hakimləri Assosiasiyasının prezidenti Jose İgreja Matosun (Portuqaliya) dəvəti ilə iclaslarda giriş sözü ilə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, həmyerlimiz hakim Ramin Qurbanov çıxış etdi.
O, Avropa məkanında ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində yaranmış vəziyyət, o cümlədən İsveçrə, Rusiya, Sloveniya, Malta, Fransa, Monteneqro, Albaniya, İspaniya kimi üzv dövlərdə görülmüş tədbirlər barədə məlumat verdi.
Həmin tədbirlərdə Azərbaycanı Hakimlər Assosiasiyasının sədri Ələddin Cəfərov və Ali Məhkəmənin hakimi Sənan Hacıyev təmsil edirdi.
18 sentyabr 2019-cu ildə Qazaxıstanda “Ədliyyənin idarəolunması: qlobal tendensiyalar və müsbət təcrübələr” adlı Beynəlxalq Ədliyyə Forumu keçirildi. Tədbir Beynəlxalq Hakimlər Assosiasiyası ilə Qazaxıstanın Ali Məhkəməsi tərəfindən təşkil edildi. Təntənəli keçirilən bu dünya miqyaslı beynəlxalq iclasda 118 ölkəni 1200-dən çox iştirakçı təmsil etdi. Onların sırasında Serbiya, Gürcüstan, Moldova, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və digər dövlətlərin Ali Məhkəmə sədrləri və sədr müavinləri, ABŞ, Sinqapur, Yaponiya, İngiltərə, İtaliya, Fransa, Səudiyyə Ərəbistanı və digər ölkələrin dövlət məmurları və nüfuzlu beynəlxalq ekspertlər öz təcrübələri ilə bölüşdülər.
İclasda dünyada ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə sisteminin təşkil olunması və idarə edilməsi, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, məhkəmə-hüquq islahatlarının düzgün aparılması ilə bağlı qarşıda duran vəzifələr, ədliyyəyə olan qlobal təhdidlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparıldı.
Tədbirin birinci hissəsində açılış nitqləri ilə İngiltərənin məhkəmə sisteminin sabiq rəhbəri, hazırda Astana Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsinin sədri Lord Vulf, Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Tony Pagone, Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının prezidenti Mark Beer və Qazaxıstanın Ali Məhkəməsinin sədri Zakip Asanov çıxış etdilər.
Qürurverici haldır ki, tədbirin açılışını və birinci hissənin moderatorluğunu Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti hakim Ramin Qurbanov apardı.