dagliq-qarabagin-azerbaycanli-icmasinin-rehberi-hemsedrlere-muraciet-edib

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərə müraciət edib

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və seçilmiş nümayəndəsi olaraq Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasimi ilə bağlı bildirirəm ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş “seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası yoxdur və həmin “seçki” nəticəsində hər hansı bir qurum və şəxsin legitimliyindən söhbət belə gedə bilməz".

İnsider.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində keçiriləcək qondarma “andiçmə” mərasimi ilə bağlı deyib. 

"Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır. Ermənistan hakimiyyəti mütəmadi olaraq bu kimi təxribatçı əməllər törədir və işğal altındakı Şuşa şəhərinin bu qondarma tədbir üçün seçilməsi bunu aydın surətdə nümayiş etdirir.

Bütün bunlar azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir.

Ermənistanın atdığı bu addım işğal olunmuş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir və 2019-cu ilin yanvar ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bəyan edilmiş “xalqların sülhə hazırlanması” niyyəti ilə tamamilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikası münaqişənin ən qısa zamanda sülh yolu ilə həll olunması istiqamətində davamlı və konstruktiv addımlar atdığı, habelə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sülh və birgəyaşayış çağırışları fonunda Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində belə təxribatlara əl atması bizdə dərin hiddət və ikrah hissi doğurur.

Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir.

Bir daha qeyd edirəm ki, Ermənistan – Azərbaycan münaqişəsi işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli şəkildə geri dönməsi və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışının təmin edilməsi yolu ilə həll oluna bilər. Yalnız qeyd edilən addımlardan sonra bölgədə ədalətli və davamlı sülh təmin edilə bilər.

Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq", icma rəhbəri bildirib. 

Report