Fiziki imkanları məhdud insanların, ələlxüsus da əlil arabasından istifadə edənlərin Bakı metropolitenində rahat hərəkətinin təmin edilməsi məqsədilə metropolitenin texniki tələblərinə uyğun daha bir qurğu alınıb.
İnsider.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin yeni qurğudan düzgün istifadə olunması ilə bağlı hazırladığı təlimatın təqdimatı keçirilib.
Təqdim olunan avtomatik rejimdə çalışan "T09 Roby" tırtıllı qurğu İtaliyada istehsal olunub. O, sabit sürətlə hərəkət edir və texniki təchizatına görə tam təhlükəsizdir. Qurğunun əsas üstünlüklərindən biri də pilləkənlər və eskalatorlar üzərində hərəkət zamanı tırtıllı hissənin əlil arabasının hərəkətinin tələblərinə tam uyğun olmasıdır. Bu zaman məhz tırtıllı hissə hərəkət sahəsinə uyğun bucaq altında tənzimlənir. Bu da sərnişinə özünü rahat və təhlükəsiz hiss etməsinə imkan verir.
Təqdimat zamanı qurğudan istifadə qaydaları ilə bağlı mobil işçi qrupuna müvafiq izahatlar verilib, buna qədər tətbiq edilən qurğulardan fərqi və üstünlükləri ətrafında müzakirələr aparılıb.