Milli Məclisin deputatı Cavid Osmanov sualları cavablandırıb. Cavid Osmanovla müsahibəni təqdim edirik.
- Parlamentin 2022-ci il üçün yaz sessiyasının qısa dəyərləndirməsini aparmağı rica edirəm. Milli Məclis qarşıda duran vəzifələrini yerinə yetirə bildimi?
- Milli Məclis çox mühüm qanun layihələrinin qəbulunda iştirak edir. Azərbaycan parlamenti beynəlxalq münasibətlər sistemində parlament diplomatiyası sferasında nümunə ortaya qoyur. Altıncı çağırış Milli Məclisin fəaliyyəti pandemiya dövrünə təsadüf etsə də, insanlarla təmaslar davam etdirildi və Milli Məclisin tribunasında məsələlər qaldırıldı. Sizin suala gəlincə, deyə bilərəm ki, parlament yaz sessiyasında çox mühüm addımlar atdı – üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi.
- Qanunvericiliklə Milli Məclisin üzərinə qoyulan vəzifələr var. Nazirlər Kabinetinin hesabatının dinlənilməsi, büdcə sənədlərinin qəbul edilməsi və sair bura daxildir. Bu illər ərzində bir dəfə də görmədik ki, Milli Məclis hökumətin hesabatına və ya büdcə layihələrinə əsaslı və ciddi etiraz etsin. Bu, həmin sənədlərin mükəmməl hazırlanmasındanmı irəli gəlir, yoxsa, Milli Məclisin deputatlarının əksəriyyəti YAP-çı olduğu üçün tənqid etməkdən çəkinir?
- Milli Məclisin istər komitə, istərsə də plenar iclaslarında görürük ki, deputatlar arasında fikir ayrılığı yaranır, qanun layihələrinə, hesabatlara qarşı çıxan həmkarlarımız olur...
- İzin verin, sözünüzü kəsim, mən heç də demirəm ki, hansısa deputat tənqid etmir, məhz Milli Məclisin öz obrazını qeyd edirəm. Buyurun.
- Siz Yeni Azərbaycan Partiyasını təmsil edən deputatları dediniz, amma onların içərisində də tənqidi fikirlər səsləndirənlər var. Parlamentdə bütün deputatlara bərabər şərait yaradılır ki, onlar fikirlərini söyləsinlər. Nazirlər Kabinetinin hesabatı və ya büdcə layihələri ilə bağlı da kifayət qədər tənqidi fikirlər söylənilir.
- Deputatın görünən və görünməyən fəaliyyəti var. Amma sizin görünən obrazınız budur ki, tənqid səsləndirən deputat kimi yadda qalmamısınız. Niyə parlamentdə sizin tənqidi mövqeyiniz görünmür?
- Mən seçicilərimin hər hansı bir müraciəti və ya şikayəti ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışam. Bu, mənim fəaliyyətimin siz dediyiniz kimi görünməyən tərəfidir. Söhbət problemlərin müsbət həllindən gedirsə, onun yolunu millət vəkili özü təyin edir. Ya məsələni parlamentdə qaldırır, ya da fərdi qaydada görüş keçirib məsələnin həllinə kömək edir. Amma mən eyni zamanda seçicilərimi narahat edən bəzi məsələləri də parlament iclaslarında səsləndirirəm.
- Milli Məclisin iclaslarındakı tənqidlərinizin nüvəsi müxalifətə və 1992-1993-cü ildəki AXC-Müsavat hakimiyyətinə qarşıdır. Buna səbəb nədir?
- Mən konkret olaraq müxalifətin üzərinə düşmürəm. Hər bir cəmiyyətdə sağlam müxalifətin olması inkişafa təkan verir. Mənim mübarizəm radikal və dağıdıcı müxalifətə qarşıdır. İndi radikal müxalifətdə olanların çoxu 1992-1993-cü ildə hakimiyyətdə təmsil olunanlardır. Qərbdə yerləşən fondların təsiri altında, onların qrantları ilə fəaliyyət göstərən təşkilatlar var. Adlarını isə müxtəlif cür təqdim edirlər – gah biri özünə ictimai fəal deyir, gah da Milli Şura deyir. Mən YAP İdarə Heyətinin üzvü kimi müstəqilliyimizin köklərinə zərbə vurmaq istəyən, ermənipərəst təşkilatlarla əlbir olaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən müxalifətə qarşıyam. Xaricdə də belələri var. Onlar milli dəyərlərə, dövlətə qarşı çıxırlar.
- 1992-1993-cü illər həssas, mürəkkəb dövr idi. AXC-Müsavat cütlüyü həmin illərdə hakimiyyətdə olub. Sizin həmin dövrün üstünə getməyiniz hansı səbəbdən qaynaqlanır?
- Mən səhv etdiyimi düşünmürəm. Qoy gələcək Azərbaycan gəncliyi də yaxşı bilsin ki, bu gün ağızlarına çullu dovşan sığmayan adamlar 1992-1993-cü illərdə hakimiyyətdə olanlardır. Həmin hakimiyyətin bəzi üzvləri xəyanətkardırlar. Onlar bu gün də xəyanət yolunu tutublar. Onların xəyanəti cəmiyyətə, dövlətə, suverenliyə, müstəqilliyə qarşıdır. Onları danışdıranlar, onlara tezis verən mərkəzlər var.
- Sizin əlinizdə bir fakt varmı ki, onları kimsə danışdırır? Bəlkə insanın düşüncəsi odur?
- Mən hüquq-mühafizə orqanlarında çalışmıram. Millət vəkili kimi öz araşdırmalarımla bu qənaətə gəlirəm. Bu mövzunu xüsusi araşdırmağa da ehtiyac yoxdur, hamısı göz qabağında baş verən hadisələrdir. Əlbəttə ki, onlar aydın şəkildə hər şeyi nümayiş etdirirlər. Hüquq-mühafizə orqanları da onların əməlləri barədə məlumatlar açıqlayır.
- Parlamentdə təmsil olunan digər partiyaları müxalifət hesab edirsiniz?
- Əlbəttə! Onlar kəskin tənqidlər də edirlər, konstruktiv mövqe də nümayiş etdirirlər. Öz təkliflərini də verirlər. Ən vacibi də budur ki, hər hansı milli məsələ olanda onlar birləşməyi bacarır. Bu, təkcə parlamentdəki müxalifət partiyalarına yox, digərlərinə də aiddir.
- Azərbaycanın dövlət idarəetməsində iştirak edən məmurların da maxinasiyalarına dair məlumatlar mövcuddur, hüquq-mühafizə orqanları da bu istiqamətdə məlumatlar açıqlayırlar. Bu da təhlükədir, bəs bu təhlükələri necə dəf edək?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır. İcraatda olan işlərə və ya məhkəmə hökmlərinə baxsaq görərik ki, yüksək vəzifəli şəxslər haqqında cəzalar kəsilir. Əlbəttə ki, təhlükəli haldır ki, korrupsiya, rüşvətxorluq ölkənin inkişafına maneələr yaradır. Problemin həlli üçün cənab Prezidentin də dediyi kimi, ictimai nəzarət olmalıdır.
- Bir nazir işindən çıxarılır, yerinə digəri təyin olunur. Səbəbi haqqında mühakimə yürütmürük, amma nəticədə narazılıqlar yenə də ortada qalır. Bu etirazlar yeni kadrların da problemləri həll edə bilmədiyini göstərir?
- Azərbaycanda bir çox sahədə islahatlar, o cümlədən kadr islahatları aparılır. Kadr islahatları milli təhlükəsizliyimiz baxımından da vacibdir. Aparılan kadr islahatları 44 günlük Vətən müharibəsində də özünün effektivliyini göstərdi. 2018-ci ildə həyata keçirilən islahatlardan sonra bir çox sahədə nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olundu. Amma həllini tapmayan məsələlər də mövcuddur. Bəzi hallarda kadr dəyişikliyi olur, amma müvafiq qurumlarda həllini tapmayan problemlər qalıb.
- Konstitusiya ilə vətəndaşların hüquq və azadlıqları tanınır. Təbii ki, bunların da öz kriteriyaları var, hər addıma hüquq və azadlıq donu geyindirmək də olmaz. Hüquqi cəhətdən yanaşaq, feministlərin aksiya keçirməsi, şüar səsləndirməsi, onların konstitusion hüququ deyilmi?
- Hər bir aksiya müvafiq dövlət orqanları ilə razılaşdırılmalıdır. İkincisi, hər bir vətəndaş milli-mənəvi dəyərləri qorumağa borcludur. Hər hansı xalqı məhv etmək istəyirlərsə, onun milli-mənəvi dəyərlərinə və tarixinə dil uzadılır. Görünən odur, feministlərin də arxasında elə bir qüvvə dayanıb ki, onlar bizim milli-mənəvi sistemimizə zərbə vursun. Feministlər mental dəyərlərə zidd şüarlar səsləndirir, mən qətiyyətlə bunun əleyhinəyəm. Bununla cəmiyyətimizi hara aparacağıq?! Cəmiyyət olaraq biz feministlərə qarşı olmalıyıq və onların şüarlarına mənfi rəy verməliyik. Mən bilmirəm sizin fikriniz necədir, amma bu, mənim yanaşmamdır ki, feministlərin məqsədi Azərbaycan cəmiyyətini pozmağa yönəlib.
- Fikrimi açıqlamayacağam, mən jurnalist kimi sual səsləndirirəm. Bu sualları Konstitusiyanı əldə rəhbər tutaraq verirəm. Gəlin belə danışaq, konstitusion hüquq nədir? Fərz edək ki, kimsə şüar səsləndirir, plakat qaldırır və bu, Konstitusiyaya zidd deyil. Bu mənada polisin hər qaldırılan plakatı etirazçının əlindən almaq hüququ nə dərəcədə düzgündür?
- Mən hələ feministlərin tərbiyəli şüar səsləndirdiyini görməmişəm...
- Söhbət təkcə onlardan getmir...
- Başa düşdüm. Bu ilin 14 mayında keçirilən aksiyaya baxaq. Orada ictimai fəallar, feministlər iştirak edirdi. LGBT bayrağı qaldırdılar. 14 may aksiyasında Azərbaycan polisi tərəfindən hər hansı ziddiyyətli addımlar atılmadı. Polis çox təmkinli davrandı və aksiyanın təhlükəsiz baş tutması üçün şərait yaradıldı. Hətta yekunda bəyanatın oxunması üçün də şərait yaradıldı. Hərçənd ki, aksiya iştirakçıları bundan da bir şou düzəltmək istədi. Dərhal da göründü ki, onların arxasında Qərb dairələri dayanır. Bəzi səfirliklərin açıqlamaları da belə deməyə əsas verir. Həmin səfirliklərin bəyanatları aksiyalardan öncə hazırlanmışdı – buna əminəm.
- Dediniz ki, cəmiyyət LGBT-yə, feministlərə qarşı mübarizə aparmalıdır. Bu mübarizə necə olmalıdır ki, qanunlarla ziddiyyət yaranmasın? Axı Konstitusiyada göstərilir ki, insan, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir!
- Cəmiyyət LGBT nümayəndələrini, feministləri tamamilə təcrid etməlidir və edir də! Onların cəmiyyətə heç bir inteqrasiyası olmamalıdır. Onlar Azərbaycan cəmiyyətinə yalnız mənfi təsir edirlər.
- Niyə təcrid edilməlidirlər?
- Siz bir düşünün, onlar bizim cəmiyyətə hansı faydaları verə bilər?! Onlar ancaq zərərli vərdişlər gətirirlər.
Oxu.Az