deputatlar-strasburqa-gedir

Deputatlar Strasburqa gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 23-dən 30-dək Strasburqda səfərdə olacaqlar.

İnsider.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib. 

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Elşad Həsənov, Asim Mollazadə, Naqif Həmzəyev və Sabir Hacıyev daxildirlər.

Sessiyada təşkilata yeni baş katib seçiləcək, Parlament Assambleyasının səsvermə və etimadnamə prosesduru ilə bağlı dəyişikliklər, Daimi Komitə və Büronun görülən işlərlə bağlı hesabatı, Qadınlara qarşı zorakılıq üzrə İstanbul konvensiyası: nailiyyətlər və çətinliklər, Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün Avropa Şurasının köməyi, Bolqarıstan ilə postmonitorinq dialoqu, Suriya probleminin siyasi həlli üçün perspektivlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın sosial komitənin rəy üzrə məruzəçisi kimi “Miqrant uşaqlara qarşı zorakılığın və istismarın qarşısının alınması mövzusunda” məruzə barədə fikirləri dinləniləcək, müzakirələr aparılacaq.

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi də qeyd olunacaq.

©"Report"