Milli Məclisin növbədənkənar sessiyaları keçirilə bilər.
İnsider.az xəbər verir ki, növbədənkənar iclasların keçirilməsi bəzi yarımçıq qanun layihələrinin müzakirəsinin yekunlaşmaması ilə bağlıdır.
Həmin qanun layihələrinin təcili qəbulu gözlənilir ki, bunun da qısa zamanda – mayın 31-dək reallaşması mümkün görünmür.
Qeyd edək ki, parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da dinlənilməyib.
Üstəlik, 2019-cu ilin büdcəsinin icrasına nəzarətlə bağlı da qanun layihəsi parlamentə hələ daxil olmayıb.
Bunları nəzərə alsaq, söyləmək olar ki, parlament may ayının 31-dək yaz sessiyasını bitirə bilməyəcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Bundan sonra deputatlar tətilə çıxırlar.
Lakin bu il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası keçirilməklə parlamentin yaz sessiyası açıq elan olundu.
Yaz sessiyasının qanunda nəzərdə tutulduğundan gec başlaması isə fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar idi.
Onu da bildirək ki, Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.