donald-tusk-ai-ve-azerbaycan-ilden-ile-daha-da-yaxinlasir

Donald Tusk: Aİ və Azərbaycan ildən-ilə daha da yaxınlaşır

"Avropa İttifaqı və Azərbaycan ildən-ilə daha da yaxınlaşır. Əlaqələrimiz daha da aktivləşib və bugünkü səfərim buna daha bir bariz nümunədir".

İnsider.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri çərçivəsində deyib.

D.Tusk xatırladıb ki, 2018-ci ildə Aİ və Azərbaycan tərəfdaşlıq prioritetlərini təsdiq ediblər.

"Vahid aviasiya məkanı barədə Saziş, eləcə də Aİ ilə Azərbaycan arasındakı yeni saziş üzrə danışıqlarımız başa çatmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq, siyasi, işgüzar və mədəni əlaqələrimiz isə daha da dərinləşəcək. Təbii ki, sözün əsl mənasında bizi birləşdirən Cənub Qaz Dəhlizi layihəsini də unutmamalıyıq. Bu müsbət təkan tərəfdaşlığımızı daha da yüksək səviyyəyə çıxarmalıdır", - D.Tusk bildirib.

Avropa İttifaqı Şurasının prezidenti həmçinin qeyd edib ki, Azərbaycan özünü nəqliyyat-logistika mərkəzinə çevirmək üçün ciddi addımlar atıb.

Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün yekununda deyib ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

"Azərbaycan unikaldır. Siz ənənəni və müasirliyi birləşdirirsiniz. Bugünkü mürəkkəb geosiyasi landşaftda strateji mövqeyinizə görə həm Şərqə, həm də Qərbə baxırsınız", - D.Tusk bildirib.