dovlet-agentliyinin-selahiyyetleri-artirildi-ferman

Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”sində dəyişiklik edilib.

İnsider.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla agentliyin vəzifələrində dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Agentliyə nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə tikinti norma və qaydalarını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlamaq səlahiyyəti verilir, eyni zamanda qurum bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qaydalarının hazırlanmasında iştirak edəcək.

Bundan başqa, Agentlik nüvə, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirmək, onların səmərəliliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparacaq.

Həmçinin Agentlik öz səlahiyyətləri daxilində ölkədə fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılması barədə qərar qəbul edəcək.