dovletlerin-reqemsallasma-istiqameti

Dövlətlərin rəqəmsallaşma istiqaməti

Bir müddət öncə bütün bəşəriyyəti birləşdirəcək hər hansı bir qüvvənin (məşhur “Müstəqillik günü” blokbasterdə yadplanetlilərin hücumu kimi) mövcudluğuna inanmaq çətin idi. Amma bu baş verdi, həm də xarici qüvvələrin təsiri ilə deyil, daxili – mikroskopik, kiçik olmasına baxmayaraq məhvedici təsirə malik virusun sayəsində oldu.  

İndiyə qədər bəşəriyyət ümumi məqsədə nail olmaq üçün, COVİD-19 pandemiyasında yaratdığı kimi birlik, vəhdət yaratmamışdı. Sözsüz ki, başqa iqlim dəyişiklkləri ilə mübarizə, içməli suya çıxış, təhsilin hamı üçün əlçatanlığı, aclıq ilə mübarizə, HİV, xərçəng, diabet, poliomielitin məhv edilməsi daxil olan “dayanıqlı inkişaf məqsədləri” adlanan və s. kimi ümumdünya problemlər mövcuddur. İnsanların sadəcə bu məqsədlərə nail olmaq və dünyanı yaxşıya doğru dəyişmək üçün deyil, hətta necə hərəkət etmək və hansı istiqamətdə hərəkət etməyə dair ümumi fikrə gəlmək üçündə konsensusa ehtiyacı var idi. Bu məsələn, Paris sazişi kimi baş verdiyi halda isə bəzi ölkələrin hökumətləri elmi tədqiqatların məlumatlarını ciddi şəkildə nəzərə almayaraq, öz siyasi ambisiyaların xeyrinə ya sazişdən çıxır, ya da sazişlərin icrasına məhəl qoymayaraq hər şeyi deklorativ səviyyəyə keçirirdilər.   

Bir sözlə, ayrı-ayrı şəxslərin qərəz və maraq ziddiyyəti hamı üçün faydalı əməkdaşlığa nail olma imkanın qarşısını aldığı zaman,  kollektiv fəaliyyətin tipik uzlaşmama problemi müşahidə edilirdi. Hətta Bil Geyts kimi nüfuzlu şəxslərin fərdi rasionallığı da mütləq şəkildə qrup rasionallığına gətirib çıxarmır, bəzən hətta bu mövcud ziddiyyətləri gücləndirərək, konspiroloji nəzəriyyələr yaradaraq ümumi rifaha nail olmağa maneələr meydana çıxarır.  

Beləliklə bütün dünyanın ümumi cəbhədə birləşərək mübarizə apardığı, ümumbəşər düşməni peyda oldu. Bu cəbhə birləşməsi hətta ölkələrin müxtəlif qruplara bölünərək döyüşdüyü dünya müharibələri zamanında görünməmişdi. Tarix məhz belə miqyaslı müharibələrin həm dəyişikliklər üçün təkan rolunu oynadığını, həm də bəşəriyyətin gələcək inkişaf və təkamülü üçün istiqamətverici qüvvə olduğunu göstərir    

İdeal fırtına və “Qloballaşmanın” məhvi

Son bir neçə il ərzində alim və ekspertlər dəfələrlə dünya ictimaiyyətini bəşəriyyət üçün əsas təhlükə kimi, yeni virusun epidemiyasının yarana biləcəyinə dair xəbərdarlıq etmişlər. Amma onların səsi adətən olduğu kimi eşidilməmiş qaldı. Onları kim eşidəcəkdi?! Hər yerdə inkişaf edən populizm və millətçiliyin, eləcə də liberal demokratiya dəyərlərinin böhranı fonunda “azad” və ya “azad olmayan” dünyanın liderlərindən heç birinə məşəli yandıraraq bəşəriyyəti bu labirintdən çıxarma imkanı verməyən özünəməxsus vakuum meydana gəldi. Nəticədə dünya bu qəbildən olan müharibəyə hazır deyildi, beləliklə də bizə xəbərdarlıq edilən “ağ qu quşu” bir an içində “qara qu quşuna” çevrildi. Hətta bir qədər inkişaf etmiş ölkələrdə belə virus zəif nöqtələri ifşa edərək qloballaşmanın və lojistikanın möhkəm olmadığını, siyasətçilərin səriştəsizliyini, səhiyyə sisteminin maliyyələşdirilməsinin yetərsizliyini, bürokratik aparatın qatılığını, iqtisadi və maliyyə sistemlərinin zəifliyini göstərdi. Bəzi ölkələrdə virusun geniş miqyasda yayıılmasına, inanılmaz sayda ölüm, əzab və əziyyətə səbəb olan bir növ “ideal fırtına” meydana gəldi, halbuki bunlardan yan keçmək olardı. 

Sadə dil ilə desək, dünyanın inkişaf sahillərinə çatmaq arzusu ilə göyərtəsində olduğu “Qloballaşma” gəmisi, virus aysberqinə çarpılmış “Titanik”ə çevrildi. Dünyanın indi Ernst Şeklton kimi liderə ehtiyacı var. Bu insan “Antarktika tədqiqatlarının qəhrəmanlıq əsri” dövründə ən ekstremal şərtlərdə riskləri vaxtında qiymətləndirir, heç də sadə olmayan, amma mobil qərarlar qəbul edir, yol yoldaşlarını dəstəkləyən və döyüş ruhunu yüksəldir, ən əsası – komandasının rifahını və həyatını birinci yerə qoyurdu. Bəlkə də, müasir pandemiya və qeyri-müəyyənlik şərtlərində məhz belə lider, kabusu uğura çevirməyi və bizi gələcəkdə bu qəbildən olan çağırışlara hazırlamağı bacarardı.  

Belə liderlər yoxdursa, nə etmək lazımdır? Axı bu şərtlərdə uzun müddətli hərəkət mümkün deyil. İlk növbədə - problemləri “meydana çıxdıqca” (Ad hoc) həll etmək və strateji, aktiv reaksiya vermək. Amma ən əsası – dövlətinin sərhədlərindən geniş düşünməyi, ümumdünya risklərinin olduğunu anlamaq və hər hansı bir qərarı qəbul etməzdən öncə, onun bütün planet üçün nəticəsi barədə düşünmək lazımdır. Bizim hələlik başqa evimiz yoxdur – İlon Maska bir qədər vaxt vermək lazımdır...

Dövlətin rolu

Siyasi elitanın dövlət institutlarına əsaslandığı demokratik ölkələrdə, həm də bütün dünya üçün nümunə olan ölkələrdə idarəçilik sahəsində dərin böhran meydana çıxdı. Bu böhran yalnız onları uçurumun kənarına itələyən bugünkü pandemiya ilə deyil, həm də informasiya-kommunikasiya texnologiyaları sahəsindəki əsaslı transformasiyalar ilə əlaqəlidir. Texnoloji şirkətlərin əksəriyyətinin Mur Qanununa (yəni səmərəliliklərinin hər iki ildən bir iki dəfə artırırdılar) müvafiq olaraq inkişaf edirdilər, dövlət müəssisələrinin yetərincə çevik olmayan idarəçilik üsulları və təşkilati strukturları yetərincə çevik olmadıqları üçün yeni tipli problemlərin həlli üçün insan kapitalının və innovativ texnologiyaların qüvvəsini zamanında mobilizə etmə iqtidarında olmadılar. Onların “dəlikləri yamamaq” və bürokratiyanın öhdəsindən gəlmək üçün yeni cəhdləri paradoksal olsa da əks effekti verərək, daha çox tənzimləməyə vasitə olurdu. Bu isə öz növbəsində biznes-prosesləri ləngidən və dövlət müəssisələri ilə kommunikasiyanı çətinləşdirən yeni, amma işləməyən qanunların, iş qabiliyyəti olmayan, lazımsız idarə və agentliklərin yaradılmasına  gətirib çıxarırdı. 
Nəticədə dövlət institutlarının təməli çürüdü və onların hakimiyyət monopoliyasına inam, xüsusilə də yeni dünyanın nümayəndələri – millenial və Z nəsli tərəfindən inam güclü şəkildə sarsıldı, bu isə hakimiyyətin qeyri-mərkəzləşmə və qüvvələrin müəyyənləşdirilməsinin yeni üsulunun axtarışına səbəb oldu.  

“Ərəb baharı” və “Uol-Striti zəbt et” kimi etirazlar dalğası, “Qara həyatlar mühümdür” və #MeToo  kimi hərəkatlar, blokçeyn və kriptovalyuta texnologiyası, ismarışların şifrələnməsi və VPN istifadəsi və s. hakimiyyətin qeyri-mərkəzləşməsi səyləri hələ ki, fraqment xarakterli olduğundan xəbər verir. Amma belə “anomaliyaların” artması yaxın gələcəkdə, xüsusilə də post-virus dönəmində dövlətin vətəndaş ilə qarşılıqlı fəaliyyət sisteminin təkamülünə şahid olacağımıza dair ehtimallara imkan verir. Doğrudur bunun üçün dövlət yenidən özünü kəşf etməlidir, keçmişi bir kənara qoymalı və əsaslı dəyişikliklərə səbəb olacaq innovasiyaların nəzəriyyəsinin: yeni nəsil vətəndaşlar onları hansı işə və nə üçün seçir? kimi səslənən əsas sualına qulaq verməlidir.

Wikipedia Hökumət

Dünyanın üçdə biri karantində olduğu və məcburən onlayn rejimə keçdiyi üçün, bütün ölkələrin hökumətləri məcburən proseslərin rəqəmsallaşmasına keçməyə başlayıb. İllərlə mümkünsüz, həddən artıq uzaq və o qədər də vacib olmayan kimi görünənlər, qısa bir zaman ərzində bir sıra obyektiv və qeyri-obyektiv səbəblər üzündən yeni reallığa çevrildi. Amma sürətli rəqəmsallaşma – təqdim edilən xidmətlərin sürət və keyfiyyəti kimi əsas problemi həll etmədi. Bəli özəl şirkətlərdə bu qəbildən olan problemlər var, amma rəqəmsal dünyaya uyğunlaşa bilməyən və ya uyğunlaşmayacaq, sadəcə yox olacaqlar, onların əvəzində daha effektiv olan meydana çıxacaq. Dövlət səviyyəsində bu problemin hakimiyyətin dəyişməsi ilə həllini tapacağını ehtimal etmək olar. Lakin son onilliklərin tarixi bunun hər ölkənin səlahiyyətində olmadığın göstərir. Bundan başqa – yalnız texnologiyaları tətbiq edərək, amma dövlətin vətəndaşlar ilə təmas nöqtələrini azaltmadan bu prosesi sürətləndirən ölkələr, sadəcə bürokratiyanın mövcud problemlərini rəqəmlərə köçürürlər. Əslində isə rəqəmsal transformasiyanın həqiqi məğzi, informasiyanın asimmetrikliyi və ondan irəli gələn məsrəflər probleminin həllidir. Belə yanaşma sistemin bütün qarşılıqlı fəaliyyəti üzrə daha çox şəffaflıq, effektivlik əldə etməyə və nəticə olaraq bütün biznes-prosesin sadələşdirilməsinə imkan verəcək. Bu, dövlət idarələrinə onlayn rejimdə baxış, tədqiqat və dəyişikliklərin edilməsi üçün açıq ilkin şifrənin olduğu Wikipedia sosial şəbəkə prinsipi üzrə dövlətin qurulmasına imkan yaradar. Bununla da qərarın qəbul edilməsi məsuliyyəti bütün vətəndaşlar arasında bölünərdi, dövlət isə texnologiyaların tətbiqi zamanı onları hökumətin mərkəzləşdirilməsi üçün istifadə edə bilməzdi.  

Bu, sadəcə dövlət idarəçiliyini sistemləşdirməyə deyil, eləcə də vətəndaşların sistemə ümumi etibarını bərpa etməyə yardım edərdi. Belə sistem hətta uzaqgörən və güclü lider olmadığı halda belə, hökumətlərə ölkənin rifahını artıran optimal qərarlar qəbul etməyə imkan verəcək. Amma belə vasitəçiliyə çatmaq üçün hökumətlər artıq bu gün – həm qanunvericilik, həm də infrastruktur səviyyədə lazımi təməl qoymalıdırlar. Bu təkamülə gedən yolda hökumətlərin əsas vəzifəsi, “düzgün və optimal” qərarların qəbul edilməsi üçün artıq bu gün rəqəmsal inteqrasiyanın sürətinin artırılması olmalıdır. COVID-19 - karantin rejiminin tətbiqinə dair qərarın qəbul edilməsi sürəti ilə, ölkədə virusun yayılmasının (müvafiq olaraq ölüm sayının) qarşısının alınması arasında əks proporsional əlaqənin olduğunu dəqiq şəkildə nümayiş etdirdi. Belə əlaqənin ölkənin rəqəmsallaşdırılması və onun daxilində virusun yayılmasına nəzarət etmək arasında da olduğunu ehtimal etmək olar. Amma hətta uğurlu ssenarilərdə belə, dövlət kənardan tətbiq edilən məcburi oyunun yeni qaydalarına uyğunlaşan, qaçırdıqlarını yaxalamağa çalışan rolunda olurdu. Dövlətlər bir-birini geridə qoyma yarışında fəal ola bilmədilər. Daxil olan informasiyanın sayı, həqiqətəuyğunluğu, ən əsası ziddiyyəti və onu sistemləşdirmə üzrə bacarıqsızlıq, zatən çətin olan, taleyüklü qərarların qəbul edilməsi prosesini, daha da mürəkkəbləşdirdi, bu isə populistlərin siyasi ambisiyaları ilə birlikdə faciəvi sonluqlara gətirib çıxara biləcək. Buna görə də dövlətlər aparıcı texnoloji şirkətlərin məlumatlar bazasının təhlil sisteminin quruluşu üzrə təcrübəni qəbul və tətbiq etməlidirlər. İnformasiyanın sonsuz rəqəmsal axınına baxmayaraq, bu şirkətlər mürəkkəb alqoritmlərin və süni intellektin köməyi ilə onu baytlara və bitlərə bölməyi, strukturlaşdırmağı, onun həqiqətəuyğunluğunu və faydasını yoxlamağı bununla da subyektiv mülahizələrdən kənara çəkilərək və həm effektivliyi, həm də qərarların qəbul edilməsi sürətini artırmağı öyrəniblər.  

Axı yaxın gələcəkdə qarşımızda həllini dünəndən gözləyən – aclıq və səfalət, quraqlıq və sel, tufan və digər təbii fəlakətlər kimi, daha mürəkkəb qlobal problemlər duracaq. Biz artıq taleyüklü qərarların elmə inanmayan siyasətçilərin, adi populist və ya bürokratlar tərəfindən qəbul edilməsinə imkan verə bilmərik. Hakimiyyət yenidən xalqa – amma bu dəfə yeni texnologiyalar ilə silahlanmış xalqa keçməlidir.

Urxan Seyidov 
“İnnovasiyalar – tətbiq üzrə təlimat” və “Rəqəmsal texnologiyalar əsrində Azərbaycanın yumşaq qüvvəsi” kitablarının müəllifi, 
Siyasi Psixologiya Mərkəzinin elmi tədqiqatçısı