“Dropbox” desktop versiyasının istifadəçilərinə 100 GB fayllara kimi göndərməyə imkan verən “Transfer” funksiyasının anonsunu verib.
Verilənlərin göndərilməsi üçün istifadəçiyə kompüter və ya bulud anbarından “Dropbox Transfer” pəncərəsinə faylları əlavə etmək lazımdır. Yükləmədən sonra şifrə və müddət təyin etmək mümkündür. Təyin olunmuş müddət bitəndən sonra verilənlər qeyri-əlçatan olacaq. Sonra istifadəçi hətta “Dropbox”-u olmayanlarla bölüşülməsi mümkün olan linki əldə edir.
Göndərən şəxs linkin digər istifadəçiləri tərəfindən neçə dəfə açıldığını və verilənlərin neçə dəfə yükləndiyini öyrənə bilər. Funksiya hər yükləmə barədə xəbərdarlıq edən bildirişləri aktiv etməyə imkan verir.
“Dropbox Transfer”-in yükləmə səhifələrini fon şəkli, loqo və digər elementləri əlavə edərək ayarlamaq olur. Bu funksiya “VentureBeat”-in fikrinə görə, brendlərə faydalı olacaq.
Qeyd edək ki, “Dropbox Transfer”-in beta-versiyası artıq istifadəçilərin bir qisminə əlçatandır. Funksiyadan yararlanmaq üçün “Dropbox” saytındakı gözləmə siyahısına yazılmaq gərəkdir. Bundan sonra şirkət sorğunu gözdən keçirir. Lakin hansı meyarlar əsasında şirkətin servisə giriş verdiyi açıqlanmır.
“Dropbox” bu funksiyanın ancaq tətbiqin pullu versiyasının istifadəçiləri üçün əlçatan olub-olmayacağını bildirmir. “VentureBeat” qeyd edir ki, hələ ki, funksiyadan istənilən tarif planı istifadəçiləri yararlana bilər.
Samirə Məmmədova